Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Peşə təhsili müəssisəsində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Dövlət peşə təhsili müəssisələrində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda üzrə, bələdiyyə və özəl peşə təhsili müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir.

20.2. Peşə təhsili prosesinin iştirakçıları “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunur.

20.3. Dövlət təhsilalanların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir, təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir və həyata keçirilməsinə şərait yaradır.

20.4. Dövlət peşə təhsili müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər işçilərin sosial müdafiəsinə təminat verir.

20.5. Dövlət peşə təhsili müəssisələrinin işçilərinin vəzifə maaşı və ona əlavələr işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.6. Dövlət peşə təhsili müəssisəsi öz sərəncamında olan vəsait hesabına işçilərin vəzifə maaşına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.

20.7. Əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan, habelə onların arasından olan, ciddi tərbiyə şəraitinə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili müəssisələrində, habelə yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin vəzifə maaşlarına əlavələr olunur.

20.8. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver