7.1. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, onların ixtisaslarının daim artırılmasını, eyni zamanda, zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir.
7.2. Peşə təhsili təhsilalanların tərbiyəsinin mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
7.3. Peşə təhsili aşağıdakı məqsədlərə xidmət edir:
7.3.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının adət və ənənələrinə hörmət edən, ümumbəşəri dəyərləri qoruyan, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
7.3.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq;
7.3.3. təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, onlara müasir qeyri-standart yanaşma və sahibkarlıq bacarıqlarının aşılanması istiqamətində həm nəzəri məlumatların, həm də praktiki bacarıqların öyrədilməsi məqsədilə müvafiq səriştələr əsasında təlim və təhsil proqramları (kurikulumlar) tərtib etmək;
7.3.4. kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq;
7.3.5. məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü;
7.3.6. nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
7.3.7. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
7.3.8. ehtiyac duyulan ixtisaslar üzrə əmək bazarının daim dəyişən tələbatının ödənilməsini təmin etmək.