Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Peşə təhsili proqramı (kurikulum)

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Peşə təhsili üzrə ixtisasın proqramı (kurikulumu) peşə təhsilinin dövlət standartları, ixtisasın peşə standartı və peşə təhsilinin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

8.2. İşçi təhsil proqramları (kurikulumlar) peşə təhsili müəssisələrində maraqlı tərəflərin nümayəndələrinin (işəgötürənlər, mütəxəssislər, təhsilalanlar, təhsilverənlər) iştirakı ilə nümunəvi təhsil proqramları (kurikulumlar) əsasında hazırlanır.

8.3. Peşə təhsili pilləsinin ayrı-ayrı ixtisaslar (ixtisas qrupları) üzrə təhsil proqramlarına (kurikulumlara) aşağıdakı tədris-metodiki sənədlər daxildir:

8.3.1. ixtisasın peşə standartı, modul strukturu və tədris planları;

8.3.2. təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə bağlı işçi təhsil proqramlarının (kurikulumların), o cümlədən işçi tədris planlarının, istehsalat işlərinin siyahısının, mövzu-təqvim planlarının hazırlanmasına, istehsalat təlimi və təcrübələrinin aparılmasına, istehsalat sınaq işlərinin yerinə yetirilməsinə, təhsilalanların aralıq və yekun dövlət attestasiyasının keçirilməsi və s. məsələlərə dair metodiki göstərişlər;

8.3.3. fənlərin (modulların) təhsil proqramları (kurikulumları);

8.3.4. fənlər (modullar) üzrə nəzəri biliklərin və təcrübi bacarıqların (istehsalat təlimi və təcrübəsinin) qiymətləndirmə meyarları;

8.3.5. dərsliklər, dərs vəsaitləri;

8.3.6. ixtisas və ümumtəhsil fənləri üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə və istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;

8.3.7. təhsilalanların biliyinin qiymətləndirilməsi üçün tədris-metodik materiallar (yoxlama və test tapşırıqları, təhsilalanların müstəqil hazırlığı üçün suallar və s.);

8.3.8. ixtisaslaşmış kabinet, laboratoriya və tədris-istehsalat emalatxanalarının siyahısı və s.

8.4. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasından qəbul olunmuş təhsilalanlara tədris edilən ümumi təhsil fənləri xüsusi dövlət təhsil proqramları əsasında keçirilir.

8.5. Peşə təhsili müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir.

8.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial bacarıqlarının inkişafını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili proqramları (kurikulumlar) həyata keçirilir.

8.7. İnklüziv peşə təhsilini həyata keçirən peşə təhsili müəssisələri müvafiq imtiyazlarla (əməkhaqqı və təqaüdlərin daha yüksək nəzərdə tutulması və s.) təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver