Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin III hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının Baş prokuroru rəhbərlik edir (bundan sonra - "Baş prokuror").
Baş prokurorun müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
Baş prokuror:
bilavasitə habelə Azərbaycan Respublikasının Baş Prokurorluğu və ona tabe olan prokurorlar vasitəsi ilə bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir, prokurorluq orqanlarına rəhbərlik edir;
qanunla müəyyən edilmiş qaydada prokurorluğun fəaliyyətini təşkil edir;
prokurorluqların yaradılmasına və ya ləğv edilməsinə, Baş Prokurorluğun strukturuna, ştat vahidlərinin ümumi sayına dair təkliflərini təqdim edir, tabe prokurorluqların strukturunu təsdiq edir və ştat vahidlərini bölüşdürür;
Baş prokurorun müavinlərinin, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorların, Naxçıvan Muxtar Respublikası prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verir;
ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin V hissəsinə uyğun olaraq, digər prokurorluq işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Respublikasının Prokurorluğu və digər prokurorluqların kollegiyalarının tərkibini təsdiq edir;
Azərbaycan Respublikası Prokurorluğunun Kollegiyasını çağırır, ona rəhbərlik edir;
prokurorluğa ayrılmış vəsaitləri bölüşdürür;
Baş prokurorun müavinlərinin, Baş Prokurorluğun struktur bölmələrinin və aşağı prokurorların funksional vəzifələrini müəyyən edir;
öz sәlahiyyәtlәri çərçivəsində müəyyən olunmuş qaydada xüsusi rütbələr verir;
ali xüsusi və ali hərbi rütbələr verilməsi üçün vəsatət qaldırır;
Azərbaycan Respublikasının Prokurorluğunu təmsil edir;
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclaslarında iştirak edir, qanunla müəyyən edilmiş hallarda və qaydada işlərə əlavə kasasiya qaydasında baxılması üçün protest verir;
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada və səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası baş nazirinin toxunulmazlığının xitam edilməsi məsələsinə dair təqdimat verir;
hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir, Mərkəzi Seçki Komissiyası üzvünün məsuliyyətə cəlb edilməsinə razılıq verir;
Məhkəmə-Hüquq Şurasının üzvləri barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir;
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verir;
dövlətin (hökumətin) adından öhdəlik götürməmək şərtilə, xarici dövlətlərin müvafiq hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və öhdəliklərin yerinə yetirilməsini təmin edir;
öz səlahiyyətləri çərçivəsində prokurorluq işçilərinin mükafatlandırılması və onların barəsində intizam tənbehi tətbiq edilməsi, o cümlədən xüsusi rütbələrdən məhrum edilməsi məsələlərini həll edir;
prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar xatirə nişanları təsis edir;
prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsini təsdiq edir;
öz səlahiyyətləri çərçivəsində, qanunlar əsasında icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlar verir;
aşağı prokurorların qanunazidd əmr, göstəriş və digər aktlarını ləğv edir, dəyişdirir və ya geri götürür;
prokurorluq orqanlarında stajorluq və sınaq qaydalarını və Baş Prokurorluğun elmi-məsləhət şurasının tərkibini təsdiq edir;
qanunla səlahiyyətinə aid edilmiş digər məsələləri həll edir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla baş prokuror öz səlahiyyətlərinin həyata keçirilməsini müavinlərinə tapşıra və ya onların səlahiyyətlərini üzərinə götürə bilər.
Baş prokurorun birinci müavini və müavinləri prokurorluğun fəaliyyətinin müvafiq sahələrinə rəhbərlik edir.
Baş prokuror hər hansı səbəbdən vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini baş prokurorun birinci müavini, o, olmadıqda Baş prokurorunun müavinlərindən biri həyata keçirir.