Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyası məşvərətçi orqan olmaqla ona rəhbərliyi baş prokuror həyata keçirir. Baş Prokurorluğun Kollegiyasının tərkibinə tutduqları vəzifəyə görə baş prokuror, onun müavinləri və digər rəhbər işçilər daxildirlər.
Baş Prokurorluğun Kollegiyasının tərkibi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq təsdiq edilir.
Baş Prokurorluğun Kollegiyasında prokurorluğun fəaliyyətinin əsas istiqamətləri, cinayətkarlığa qarşı mübarizənin və icra intizamının vəziyyəti, mühüm kadr məsələləri, əmr və digər aktların layihələri müzakirə edilir, aşağı prokurorluqların hesabatları dinlənilir, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğular verilməsi məsələlərinə, habelə prokurorluğun fəaliyyətinə dair digər məsələlərə baxılır. Kollegiyanın iclasları baş prokuror tərəfindən mütəmadi olaraq çağırılır. Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərar qəbul olunarkən səsvermədə bərabər hüquqlara malikdirlər. Qərarlar səs çoxluğu ilə qəbul edilir.
Baş prokurorla kollegiya üzvləri arasında fikir ayrılığı olduqda baş prokuror öz əsaslandırılmış qərarını həyata keçirir. Kollegiyada müzakirə edilən məsələlər, üzrə prokurorluq işçiləri üçün icrası məcburi olan qərarlar qəbul edilir və bu qərarlara əsasən baş prokuror əmr verə bilər.