Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (rayon tabeli şəhərlərdən başqa) şəhərdəki rayonlarda müvafiq olaraq rayon, şəhər prokurorluqları təşkil edilir.
İxtisaslaşdırılmış prokurorluqlara hərbi prokurorluqlar aiddir.
Ərazi və ixtisaslaşdırılmış prokurorluqlara müvafiq prokuror başçılıq edir. Rayon bölgüsü olan şəhərlərin prokuroru həm də tabeliyində olan rayon prokurorluqlarının fəaliyyətinə rəhbərlik edir.
Ərazi və ixtisaslaşdırılmış prokurorlar Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin V hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Ərazi və ixtisaslaşdırılmış prokurorların müavinləri, böyük köməkçiləri, köməkçiləri və prokurorluqda müstəntiqlər vardır.
Ərazi və ixtisaslaşdırılmış prokurorlar bu Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər.
Ərazisi, əhalisi və iş həcmi nəzərə alınmaqla şəhər prokurorluqlarında şöbələr və digər bölmələr, məşvərətçi orqan olan kollegiyalar yaradıla bilər. Həmin kollegiyalar öz səlahiyyətləri çərçivəsində bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər.