11.1. Prokurorluq işçisinin vəzifədə irəli çəkilmək hüququ vardır.
11.2. İşçi 9-cu təsnifat vəzifədə azı 2 il işlədikdən sonra 8-ci təsnifat vəzifəyə, 8-ci təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 6-cı və ya 7-ci təsnifat vəzifəyə, 7-ci təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 5-ci təsnifat vəzifəyə və ya müddət məhdudiyyəti qoyulmadan 6-cı təsnifat vəzifəyə, 6-cı təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 4-cü və ya 5-ci təsnifat vəzifəyə, 5-ci təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 4-cü təsnifat vəzifəyə (6-cı təsnifat vəzifədən 5-cı təsnifat vəzifəyə təyin olunan işçi üçün müddət məhdudiyyəti qoyulmur), 4-cü təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 3-cü təsnifat vəzifəyə keçirilə bilər. 2-ci və 1-ci təsnifat vəzifələrə keçirilməyə məhdudiyyət qoyulmur.
Müstəsna hallarda, xidməti zərurət əsaslandırılmaqla, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru prokurorluq işçisini təsnifat üzrə məhdudiyyətlər qoyulmadan vəzifədə irəli çəkə bilər.
11.3. Prokurorluq işçisinin başqa vəzifəyə keçirilməsinə onun razılığı ilə yol verilir. Prokurorluq işçisi vəzifə təsnifatına uyğun olaraq vəzifədə irəli çəkilərkən onun işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, mənəvi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən ailə vəziyyəti, səhhəti, yaşı və digər hallar nəzərə alınır.
11.4. İntizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə tam uyğun olmadıqda və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda prokurorluq işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb edilmir.
11.5. Aşağı vəzifəyə keçirilmiş prokurorluq işçisi sonradan ixtisas dərəcəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Prokurorluq işçisinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi bütün hallarda səbəbləri göstərilməklə əmrlə rəsmiləşdirilir və işçiyə elan edilir.