20.1. Təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan prokurorluq işçiləri vəzifəyə təyin olunduğu gündən 6 ay müddətində müvafiq icra hakimiyyəti orqanları tərəfindən mənzillə təmin edilməlidir.
Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödənilir.
20.2. Başqa yerə daimi işə keçirilmiş prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
20.3. Prokurorluq işçiləri başqa qulluq yerinə keçirildikdə, təyinatı üzrə qulluq müddəti ərzində əvvəllər dövlət və ictimai mənzil fondlarının evlərində (mənzillərində) yaşadıqları mənzil sahəsini (müvəqqəti verilmiş xidməti mənzil sahələri istisna olmaqla) qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlamaq hüququna malikdirlər.
20.4. Mənzil növbəsinə dayanmış prokurorluq işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə onların ailəsinin mənzil almaq hüququ saxlanılır.
20.5. Prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir.
20.6. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir.
20.7. Prokurorluq işçilərinə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə dövlət büdcəsi vəsaiti hesabına tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.
20.9. Prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
20.11. Xidməti ezamiyyətə göndərilən prokurorluq işçiləri nəqliyyatın bütün növlərinə növbəsiz bilet və mehmanxanada növbədənkənar yer almaq hüququna malikdirlər.
20.13. Prokurorluqda 35 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.
Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 20.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı prokurorluq orqanlarında xidmət keçməsinə xitam verilmiş prokurorluq orqanlarının işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxması ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.
20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.