Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. İntizam məsuliyyətinin növləri

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

26.1. Xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:

26.1.1. irad tutma;

26.1.2. töhmət;

26.1.3. şiddətli töhmət;

26.1.4. aşağı vəzifəyə keçirmə;

26.1.5. rütbənin aşağı salınması;

26.1.6. vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, prokurorluq orqanlarında işə təyin edilir);

26.1.7. prokurorluq orqanlarından xaric etmə;

26.1.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric etmə.

26.2. Prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın ağırlığı, törədilməsi şəraiti və digər hallar nəzərə alınır.

26.3. Xidməti intizamı pozduğuna görə prokurorluq işçisinin rütbəsi (III dərəcəli hüquqşünas, ədliyyə leytenantı istisna edilməklə) bir pillə aşağı salına bilər.

26.4. Bu Qanunun 26.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, yazılı və ya şifahi qaydada işçiyə xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

26.5. Prokurorluq işçisi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver