Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. İntizam tənbehlərinin tətbiqi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həyata keçirilir.

27.2. Azərbaycan Respublikasının Baş prokuroru işçilər barəsində intizam tənbehlərinin tətbiqi məsələlərini həll etməyi müəyyən həddə Azərbaycan Respublikasının Hərbi prokuroruna, Naxçıvan Muxtar Respublikasının prokuroruna və Bakı şəhər prokuroruna tapşıra bilər.

27.3. Prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq prokuror öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.

27.4. Törədilmiş xəta müvafiq prokuror tərəfindən araşdırılır, onu törətmiş işçidən yazılı izahat alınır. Zərurət olduqda prokuror xidməti yoxlama təyin edir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiq edilməsinə mane olmur.

27.5. İntizam tənbehi prokurorluq işçisi tərəfindən xidməti intizamın pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Prokurorluq işçisinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu, barəsində xidməti yoxlama və cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

27.6. İntizam xətası törədildiyi gündən üç il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz.

27.7. Eyni bir xətaya görə yalnız bir intizam tənbehi verilə bilər.

27.8. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən altı ay müddətində qüvvədə olur.

27.9. Prokurorluq işçisi verilmiş intizam tənbehindən nəticə çıxararaq nümunəvi davranarsa və xidməti vəzifələrini vicdanla yerinə yetirərsə intizam tənbehi vaxtından əvvəl götürülə bilər.

27.10. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və prokurorluq işçisinin şəxsi işinə əlavə olunur. Əmr verildikdən sonra 3 gün müddətində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir.

27.11. Prokurorluq işçisinə ezamiyyətdə, məzuniyyətdə və ya xəstə olduğu müddətdə intizam tənbehi tətbiq olunmur və bu müddət xidməti yoxlama aparılma müddətinə daxil edilmir.

27.12. Prokurorluq işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq yuxarı prokurora və ya məhkəməyə şikayət verə bilər.

27.13. Prokurorluq işçisinin intizam tənbehi tətbiq edilməsi barədə əmrdən yuxarı prokurora verdiyi şikayətlərə bir ay müddətində baxılmalı və nəticəsi barədə ona əsaslandırılmış yazılı cavab verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver