17.1. Psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir.
17.2. Psixiatriya müayinəsi, habelə profilaktik müayinə aşağıdakı hallarda aparılır:
17.2.1. şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən;
17.2.2. müayinə olunanın razılığı (xahişi) ilə;
17.2.3. 16 yaşına çatmamış şəxsin valideynlərinin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə;
17.2.4. qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə;
17.2.5. bu Qanunun 19.2-1-ci maddəsində nəzərdə tutulmuş halda prokurorun və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə.
17.3. Psixiatriya müayinəsinə dair məlumatlar və müayinənin yekunu (diaqnoz) şəxsin tibbi sənədində qeyd olunur. Sənəddə həkim-psixiatra müraciətin səbəbləri və tibbi tövsiyələr də göstərilir.
17.4. Psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.