18.1. Şəxsin özünə və (və ya) ətrafdakılara qarşı təcavüzkar hərəkət etdiyi aşkar olunarsa, həkim-psixiatr, o cümlədən təcili yardım müəssisəsinin həkimi şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) olmadan psixiatriya müayinəsi haqqında qərarı dərhal qəbul edir və qərar tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.
18.2. Şəxsin psixi pozuntu nəticəsində öz əsas həyati tələbatmı müstəqil ödəməyə qadir olmadığı və ya təxirəsalınmaz psixiatriya yardımı göstərilməməsinin onun həyatı və sağlamlığı üçün təhlükə törədə biləcəyi hallarda şəxsin özü və ya qanuni nümayəndəsi psixiatriya müayinəsinə razılıq verməzsə, müayinə barədə qərarı həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə qəbul edir.
18.3. Valideynlərdən biri etiraz etdikdə, yaxud valideynləri və ya qanuni nümayəndələri olmadıqda, 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin psixiatriya müayinəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir. Bu qərardan məhkəməyə şikayət edilə bilər.