Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Psixiatriya stasionarına yerləşdirmək üçün əsaslar

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir. Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir.

22.2. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs psixiatriya stasionarına özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.

22.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda psixiatriya ekspertizası aparılmasının zəruriliyi də psixiatriya stasionarına yerləşdirmək üçün əsas hesab olunur.

22.4. 16 yaşına çatmamış şəxs psixiatriya stasionarına valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.

22.5. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs psixiatriya stasionarına qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.

22.6. Stasionara yerləşdirmək üçün alınmış razılıq tibbi sənədə yazılmaqla rəsmiləşdirilir və şəxsin özü, yaxud onun valideynləri və ya qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver