23.1. Psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin aşağıdakı hüquqları var:
23.1.1. müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək və onun bu Qanunla müəyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək;
23.1.2. ərazinin baş psixiatrına, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət etmək;
23.1.3. qanuni nümayəndəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Milli preventiv qrup üzvləri, vəkil və din xadimi ilə təklikdə görüşmək;
23.1.4. ümumtəhsil məktəbinin proqramı, yaxud sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında təhsil almaq.
23.2. Pasiyentin, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə həkim-psixiatrın tövsiyəsi əsasında psixiatriya müəssisəsinin müdiriyyəti tərəfindən pasiyentin aşağıdakı hüquqları məhdudlaşdırıla bilər:
23.2.1. nəzarətsiz məktublaşmaq;
23.2.2. bağlama, banderol və pul baratları almaq və göndərmək, pul və digər maddi vəsaitlərdən sərbəst istifadə etmək;
23.2.3. telefondan və digər rabitə vasitələrindən istifadə etmək;
23.2.4. yaxınları ilə görüşmək.
23.3. Pullu xidmətlər (qəzet və jurnallara fərdi abunə, rabitə xidmətləri və s.) xəstənin öz hesabına göstərilir.
23.4. Psixiatriya stasionarına yerləşdirmənin səbəbləri və məqsədi, stasionardakı qaydalar və pasiyentin hüquqları pasiyentə hospitallaşdırılmadan dərhal sonra və ya pasiyentin vəziyyəti buna imkan verən kimi izah edilməli, bu barədə tibbi sənədlərdə qeyd olunmalıdır.
23.5. Şəxs psixiatriya stasionarında olduğu bütün dövr ərzində əmək qabiliyyəti olmayan sayılır və qanunvericilikdə müəyyən olunmuş qaydada müavinət, yaxud ümumi əsaslarla pensiya almaq hüququna malikdir.