25.1. Psixi pozuntu vəziyyətində olan şəxsin ilkin diaqnozunun həkim-psixiatr komissiyası tərəfindən təsdiq edilməsinə və məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi və müayinəsi haqqında qərarı həkim-psixiatr qəbul edir və tibbi sənədə yazmaqla rəsmiləşdirir. Psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.
25.2. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs hökmən 48 saat ərzində müayinədən keçirilməlidir.
25.3. Hospitallaşdırma əsassız sayıldıqda, şəxs dərhal stasionardan çıxarılır.
25.4. Hospitallaşdırma əsaslı sayıldıqda, şəxsin stasionarda qalması məsələsinin həll edilməsi üçün onun psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində həkim-psixiatr komissiyasının rəyi psixiatriya müəssisəsinin yerləşdiyi və ya şəxsin yaşadığı yer üzrə məhkəməyə təqdim olunur.