7.1. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin psixi sağlamlığının vəziyyəti, yaxud ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatları tələb etmək qadağandır.
7.2. Psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılır. Şəxsin psixi sağlamlığının vəziyyəti və ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatlardan sərbəst istifadə hüququ həmin şəxsin özünə və buna qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsusdur.
7.3. Psixiatriya yardımı göstərən mütəxəssislər pasiyent barəsində məlumatlardan yalnız həmin peşə dairəsində və psixiatriya yardımı göstərmək üçün zəruri olan həddə istifadə edə bilərlər. Peşə fəaliyyəti ilə əlaqədar bu məlumatlara malik olan şəxslər onların yayılmasına görə məsuliyyət daşıyırlar.
7.4. Psixiatriya müəssisəsinin müdiriyyəti, psixiatriya yardımı göstərilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı psixi pozuntusu olan şəxsə psixiatriya yardımı göstərilməsi üçün zəruri məlumatları tələb edə bilərlər.
7.5. Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilir. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunur. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.
7.6. Pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır.