6.1. Psixi pozuntusu olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.
6.2. Psixi pozuntusu olan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilə bilər.
6.3. Psixi pozuntusu olan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
6.3.1. ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və humanist münasibət bəslənilməsi;
6.3.2. dövlət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) psixiatriya yardımı almaq;
6.3.3. öz hüquqları barədə, habelə psixi pozuntu və tətbiq edilən müalicə üsulları haqqında məlumat almaq;
6.3.4. psixiatriya stasionarında müayinə və müalicə üçün zəruri olan müddətdə saxlanılmaq;
6.3.5. tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq;
6.3.6. təxirəsalınmaz psixiatriya yardımı göstərilməsi, habelə məcburi və qeyri-könüllü hospitallaşdırma halları istisna olmaqla, psixiatriya yardımı göstərmək hüququ olan hər hansı mütəxəssisi (onun razılığı ilə) və tibb müəssisəsini seçmək, konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;
6.3.7. qanunvericilikdə müəyyən olunmuş qaydada vəkilin, qanuni nümayəndələrin və ya digər şəxslərin köməyindən istifadə etmək.
6.4. Şəxsin tibbi vasitə və üsulların sınaqdan keçirilməsinə, elmi-tədqiqat işlərinə, yaxud tədris prosesi, foto-video və kino çəkilişləri obyektləri kimi istifadəyə cəlb olunması yalnız onun özünün və ya qanuni nümayəndəsinin razılığı əsasında mümkündür və həmin şəxs istənilən vaxt bundan imtina edə bilər.