10.1. Şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial hesab edilir.
10.2. Bu Qanunun 10.1-ci maddəsində göstərilən məlumatların psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlanması, bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, qadağandır.
10.3. Şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan konfidensial məlumatların açıqlanmasına aşağıdakı hallarda yol verilir:
10.3.1. cinayət mühakimə icraatı zamanı şəxsin psixoloji vəziyyəti ilə əlaqədar məlumatların alınması zərurəti yarandıqda, təhqiqat və istintaq orqanlarının, prokurorun və ya məhkəmənin sorğusu əsasında;
10.3.2. yetkinlik yaşına çatmayanların mənafelərinin qorunması məqsədi ilə mülki məhkəmə icraatı zamanı məhkəmənin sorğusu əsasında;
10.3.3. psixoloqun fəaliyyətində cinayət və ya inzibati xəta tərkibinin əlamətləri aşkar edildikdə;
10.3.4. psixoloji yardım alan şəxsin və digər şəxslərin həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yarandıqda;
10.3.5. ağır və xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat olduqda;
10.3.6. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxs məcburi və qeyri-könüllü qaydada psixiatriya müəssisəsinə yerləşdirildikdə;
10.3.7. həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında.
10.4. Daha uyğun psixoloji yardımın göstərilməsi, psixologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması məqsədilə psixoloji yardımın göstərilməsi zamanı üçüncü şəxsin iştirakına və ya məlumatların toplanılmasına yalnız psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı ilə yol verilir. Əldə olunan məlumatlardan elmi tədqiqatlarda, nəşrlərdə və mediada istifadəyə bu məlumatların adsızlaşdırılması şərti ilə yol verilir.
10.5. Psixoloji yardım göstərən şəxslər konfidensial məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
10.6. Bu Qanunun 6.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, psixoloji yardım alan şəxsin arzusu ilə ona bu yardım anonim göstərilə bilər.
10.7. Anonim psixoloji yardım psixoloji yardım alan şəxsin göstərdiyi məlumatlar (ad, yaş və s. ) əsasında onun şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmadan, psixoloji yardım göstərən şəxslə müqavilə bağlanmadan və psixoloji yardımın nəticələri rəsmiləşdirilmədən göstərilir.