Qanunvericilik › Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Psixoloji yardımın könüllülüyü

Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Psixoloji yardım psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı əsasında göstərilir. Bu razılıq psixoloji yardım alan şəxsin psixoloji yardımla bağlı könüllü qərar qəbul etdiyini, psixoloji yardımın məqsədini, faydasını, həcmini, müddətini və tətbiq olunan psixoloji yardım metodunu, həmçinin psixoloji yardımdan imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşməsini nəzərdə tutur. Heç kəs psixoloji yardım almağa məcbur edilə bilməz.

9.2. Psixoloji yardım alan şəxs psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən psixoloji yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst seçmək hüququna malikdir.

9.3. Psixoloji yardım alan şəxs yardımın alınmasından istənilən vaxt imtina edə və ya onu dayandıra bilər.

9.4. Bu Qanunun 9.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 14 yaşına çatmamış şəxslərə psixoloji yardım yalnız onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə, 14 yaşı tamam olmuş şəxslərə isə onların razılığı ilə göstərilir.

9.5. 14 yaşına çatmamış şəxslərə valideynlərin və ya digər qanuni nümayəndələrinin razılığı olmadan psixoloji yardımın göstərilməsinə aşağıdakı hallarda yol verilir:

9.5.1. valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən 14 yaşına çatmamış şəxsə münasibətdə qəddar rəftar, fiziki, psixoloji və seksual zorakılıq faktları aşkar edildikdə;

9.5.2. 14 yaşına çatmamış şəxs sosial təhlükəli vəziyyətdə olduqda;

9.5.3. 14 yaşına çatmamış şəxs fövqəladə hadisələrlə üzləşdikdə;

9.5.4. tibb, təhsil və sosial xidmət müəssisələrində kütləvi psixoloji profilaktika tədbirləri həyata keçirildikdə;

9.5.5. 14 yaşına çatmamış şəxs psixoloji yardım almaq üçün telefon, internet və digər texniki vasitələrindən istifadə edərək anonim müraciət etdikdə;

9.5.6. 14 yaşına çatmamış şəxs cinayətin şahidi olduqda və ya cinayətin törədilməsindən zərər çəkdikdə.

9.6. Şəxsin psixoloji vasitə və üsulların sınaqdan keçirilməsinə, elmi tədqiqat işlərində və ya tədris prosesində foto və videoçəkilişlərə cəlb olunması, bu Qanunun 10.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver