Qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir:
vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;
öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;
Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;
təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;
qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla);
müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla).
Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.
Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:
əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə;
bu Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulan yaşayış yerlərindən imtina etdikdə.