Qanunvericilik › Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Texniki xidmət

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Qazpaylayıcı şəbəkəyə texniki xidmət qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir.

19.2. Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 18.2-ci maddəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qazpaylayıcı sistem operatoruna onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 19.3-cü maddəsində nəzərdə tutulan qaydada qazpaylayıcı sistem operatoruna təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 19.7-ci maddəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 19.6-cı maddəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir.

19.3. Müayinə aktında texniki xidmətin ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) müayinə aktının tərtib edilməsindən sonra 3 (üç) iş günü müddətində ixtisaslaşmış podratçı ilə bağladığı müqavilənin bir nüsxəsini və ya xidmət işlərinin müvafiq ixtisaslı işçi heyəti tərəfindən yerinə yetiriləcəyi barədə məlumatı bu Qanunun 19.2-ci maddəsinə uyğun olaraq qazpaylayıcı sistem operatoru tərəfindən müqavilənin təqdim edildiyi (göndərildiyi) üsulla qazpaylayıcı sistem operatoruna təqdim etməlidir (göndərməlidir).

19.4. Bu Qanunun 18.2-ci maddəsinə uyğun keçirilən müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə aktında göstərilmiş müddətdə, lakin bir aydan gec olmayaraq aradan qaldırılması üçün istehlakçı qazpaylayıcı sistem operatorunu və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur. Texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) rəsmi internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 19.2-ci və 19.3-cü maddələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı tərəfindən ödənilən mal-materialın, habelə görülən işlərin dəyəri texniki xidmət aktında qeyd edilir. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir. Qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçılarla istehlakçılar arasında münasibətlər, eləcə də texniki xidmətin göstərilməsinə görə xidmət haqqının məbləği onlar arasında bağlanılmış müqavilə ilə tənzimlənir.

19.5. Qazpaylayıcı sistem operatoru, ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti texniki xidmətin həyata keçirilməsindən dərhal sonra onun nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada aktı (qazpaylayıcı sistem operatoru və istehlakçının müvafiq ixtisaslı işçi heyəti 2 (iki), ixtisaslaşdırılmış podratçı isə 3 (üç) nüsxədə) istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və qazpaylayıcı sistem operatoru aktın 1 (bir) nüsxəsini, ixtisaslaşmış podratçı isə aktın 2 (iki) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Texniki xidmət ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən göstərildikdə, istehlakçı texniki xidmətin göstərilməsinə dair aktın bir nüsxəsini 1 (bir) iş günü müddətində qazpaylayıcı sistem operatoruna təqdim etməlidir.

19.6. Yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri) ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən binanın tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə ildə bir dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsini təmin etməli və istehlakçının müvafiq ixtisaslı işçi heyəti və ya ixtisaslaşmış podratçı tərəfindən bu Qanunun 19.5-ci maddəsinə uyğun texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir.

19.7. Dövlət mənzil fondu binalarında tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi balans mənsubiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfə (hər il iyulun 1-dək) bu Qanuna uyğun olaraq təmin edilməli və texniki xidmətin həyata keçirilməsinə dair tərtib edilmiş aktın bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir.

19.8. İstehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər.

19.9. Bu Qanunun 19.7-ci maddəsinə uyğun olaraq tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olması qazpaylayıcı sistem operatoru tərəfindən müayinə keçirilərkən yoxlanılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver