Qanunvericilik › Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Müayinə

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Qazpaylayıcı sistem operatoru tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

18.2. Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

18.3. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qazpaylayıcı sistem operatoru, ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir.

18.4. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür.

18.5. Qazpaylayıcı sistem operatoru tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

18.6. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qazpaylayıcı sistem operatoru ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 19-cu maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

18.7. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver