11.1. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə aşağıdakılar qadağan edilir:
11.1.1. törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları hüquq-mühafizə orqanlarından gizlətmək;
11.1.2. əməliyyat-axtarış tədbirlərini, habelə qanunvericiliklə dövlət orqanlarının səlahiyyətlərinə aid edilmiş digər tədbirləri həyata keçirmək, bu Qanunla nəzərdə tutulmayan digər mühafizə xidmətləri göstərmək;
11.1.3. özünü prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və ya digər dövlət orqanlarının əməkdaşı kimi təqdim etmək, həmin orqanların, habelə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin xüsusi və ya hərbi geyim forması, fərqlənmə nişanları və digər simvollarından istifadə etmək;
11.1.4. hüquq-mühafizə və digər dövlət orqanları əməkdaşlarının qanuni səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətmək;
11.1.5. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxarmaq;
11.1.6. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşımaq;
11.1.7. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri istifadə etmək üçün kənar şəxslərə vermək;
11.1.8. mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkiliş aparmaq;
11.1.9. özəl mühafizə fəaliyyəti ilə əlaqədar malik olduqları şəxsi, ailə, peşə, kommersiya, bank və s. sirr təşkil edən məlumatları, habelə belə məlumatları əks etdirən sənədləri yaymaq, satmaq, başqasına vermək, onlardan mühafizə xidmətləri göstərilən fiziki və ya hüquqi şəxslərin maraqlarına zidd və ya digər şəxslərin maraqlarına uyğun istifadə etmək;
11.1.10. dövlət qulluğunda olmaq;
11.1.11. işlədiyi özəl mühafizə müəssisəsi hər hansı digər kommersiya və ya qeyri-kommersiya təşkilatına mühafizə xidmətləri göstərirsə, həmin kommersiya və ya qeyri-kommersiya təşkilatında mühafizə fəaliyyəti ilə bağlı olmayan vəzifə tutmaq;
11.1.12. fiziki şəxslərin hüquq və azadlıqlarına qəsd edən, onların həyatını, sağlamlığını, şərəf və ləyaqətini, əmlakını və qanuni mənafelərini təhlükə altına alan hərəkətlərə yol vermək.
11.2. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə hüquq-mühafizə orqanları əməkdaşlarının hüquqi statusu şamil edilmir. Özəl mühafizə fəaliyyəti göstərən şəxslər tərəfindən bu Qanunun 11.1-ci maddəsində göstərilən əməllərin törədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.