13.1. Özəl mühafizə fəaliyyətini həyata keçirərkən mühafizəçilərə yalnız mühafizə olunan obyektlərin hüdudlarında bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvənin, habelə özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin tətbiqinə icazə verilir.
13.2. Bu Qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.
13.3. Mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı şərtlərə riayət etməlidir:
13.3.1. insana qarşı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
13.3.2. öz xidməti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etmək niyyəti barədə buraxılış və obyektdaxili rejim qaydalarını pozan şəxslərə xəbərdarlıq etməlidir;
13.3.3. hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, eləcə də ona göstərilən müqavimətin dərəcəsindən asılı olaraq vurulan zərərin minimal olmasına cəhd etməlidir;
13.3.4. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsini təmin etməlidir;
13.3.5. fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verməli və özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə ətraflı yazılı məlumat hazırlamalıdır.
13.4. Mühafizə olunan obyektə qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi qadağandır.
13.5. Fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal barədə mühafizəçi tərəfindən təqdim olunmuş məlumat əsasında özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri xidməti yoxlama aparmalı və fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına təqdim olunur.
13.6. Mühafizəçinin öz səlahiyyətlərini, zəruri müdafiə və ya son zərurət hədlərini, habelə cinayət (inzibati xəta) törətmiş şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşaraq fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etməsi qanunvericiliyə müvafiq olaraq cinayət, inzibati, mülki-hüquqi və intizam məsuliyyətinə səbəb olur.
13.7. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitələr onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən ələ keçirilməsini istisna edən şəraitdə qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılmalıdır.