Qanunvericilik › Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri aşağıdakılardan ibarətdir:

29.1.1. qida təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsi və riskin qiymətləndirilməsi məqsədilə qida obyektlərində monitorinqlərin aparılması;

29.1.2. aşağıdakıların təftiş edilməsi:

29.1.2.1. qida obyektləri, maşın və avadanlıqlar, daşınma vasitələri və digər infrastruktur obyektləri;

29.1.2.2. qida və yem məhsulları, qida və yem əlavələri, qida xammalı, yarımfabrikatlar, inqrediyentlər və qida istehsalında və emalında istifadə olunan digər maddələr;

29.1.2.3. qida məhsulları ilə təmasda olan material və məmulatlar;

29.1.2.4. qida və yem məhsulunda qalıqların miqdarı;

29.1.2.5. qida və yem məhsullarının etiketlənməsi;

29.1.2.6. qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı HACCP-a əsaslanan daxili nəzarət sistemlərinin tətbiqi vəziyyəti;

29.1.3. qida təhlükəsizliyi ilə əlaqəli yazılı materialların və sənədlərin araşdırılması;

29.1.4. qida məhsulları ilə təmasda olan işçilərin tibbi müayinəsi, sağlamlıq və gigiyenik vəziyyətinin yoxlanılması;

29.1.5. qida və yem məhsulundan nümunələrin götürülməsi və tədqiqi (sınağı).

29.2. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti aparılarkən qida subyekti ilə bağlı aşağıdakılar nəzərə alınmalıdır:

29.2.1. qida və yem məhsulları ilə bağlı müəyyən edilmiş risklər;

29.2.2. qida subyektlərinə dair qeydiyyat, təsdiq, sertifikatlaşma və əvvəlki nəzarət tədbirləri çərçivəsində toplanmış məlumatlar və aparılmış sınaqların nəticələri;

29.2.3. qida subyektlərinin cavabdeh olduqları qida obyektlərində qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə dair apardıqları daxili nəzarət (audit) tədbirlərinin nəticələrinə dair qeydlər.

29.3. Dövlət nəzarəti tədbirləri nəticəsində pozuntular aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məhdudlaşdırıcı tədbirləri tətbiq edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver