30.1. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır.
30.2. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qəbul etdiyi qərar əsasında geri çağırılması nəzərdə tutulduqda və bu qərar qida subyektləri tərəfindən verilmiş müddətdə icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin məhsulların istehlakçılardan, bazardan və digər satış obyektlərindən yığışdırılması ilə bağlı qərar qəbul edir və həyata keçirir. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski sübut olunduqda yol verilir.
30.3. İstehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalıdır.
30.4. Bu Qanunun 30.1-ci və 30.2-ci maddələrinə uyğun olaraq geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları aparılmış tədqiqin (sınağın) nəticələrinə əsasən həyat və sağlamlıq üçün təhlükəsiz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunlaşdırılmaqla birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılır.
30.5. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir.
30.6. Bu Qanunun 30.5-ci maddəsinə əsasən qida və yem məhsullarının utilizasiyası və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
30.7. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və təhlükəli məhsulların tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı xərclər həmin məhsula cavabdeh olan qida subyektlərinin vəsaiti hesabına ödənilir.
30.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qərara əsasən utilizasiya və ya məhv edilən qida və yem məhsullarının həyat və sağlamlığa təhlükə yaratmaması üçün həmin məhsulların utilizasiya və ya məhv edilməsi prosesinə bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzarət edilir.
30.9. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.