1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. aidiyyəti şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş şəxs;
1.0.2. anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidməti;
1.0.3. benefisiar mülkiyyətçi – son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
1.0.4. depo hesabı – mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesab;
1.0.5. emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, o cümlədən beynəlxalq təşkilat, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Emitent qanunda nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi kimi çıxış edir;
1.0.6. fond birjasının listinqi – fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısı;
1.0.7. institusional investor – investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar;
1.0.7-1. peşəkar investor – institusional investorlar da daxil olmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunan tələblərə cavab verən hüquqi və fiziki şəxslər;
1.0.8. investisiya məsləhəti – qiymətli kağızın və ya törəmə maliyyə alətinin alınması, satılması, abunə yazılışı, dəyişdirilməsi, geri alınması, saxlanılması və anderraytinqi və ya onunla bağlı hüquqların həyata keçirilib-keçirilməməsi ilə bağlı müştərilərə verilən məsləhət. Belə məsləhət mediada açıqlandıqda, investisiya şirkəti fəaliyyətindən fərqli peşə fəaliyyəti çərçivəsində əvəzsiz qaydada verildikdə və ya həmin məsələlərin sırf hüquqi aspektlərinə aid olduqda, investisiya məsləhəti sayılmır;
1.0.9. investisiya tədqiqatı – ictimaiyyət üçün nəzərdə tutulan, birbaşa və ya dolayı yolla, bir və ya bir neçə qiymətli kağıza, törəmə maliyyə alətinə və ya onların emitentlərinə, həmin qiymətli kağızların və ya törəmə alətlərin cari və ya gələcək qiyməti daxil olmaqla investisiya strategiyasını tövsiyə və ya təklif edən tədqiqat;
1.0.10. investor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs;
1.0.11. qiymətli kağızlar bazarı – qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusu;
1.0.12. pul hesabı – qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə pul qalıqlarını əks etdirən hesab;
1.0.13. qiymətli kağızların hesabının idarə edilməsi – müştərinin aktivlərinin qorunması və saxlanılması üzrə investisiya şirkətinin həyata keçirdiyi yardımçı investisiya xidməti;
1.0.14. investisiya şirkətinin filialı – hüquqi şəxs olmayan, investisiya şirkətinin olduğu yerdən kənarda yerləşən, investisiya şirkətinə icazə verilmiş investisiya xidmətlərinin hamısını və ya bir hissəsini həyata keçirə bilən investisiya şirkətinin ayrıca bölməsi;
1.0.15. investisiya şirkətinin nümayəndəliyi – hüquqi şəxs olmayan, investisiya şirkətinin olduğu yerdən kənarda yerləşən, investisiya xidmətləri göstərmək hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən investisiya şirkətinin ayrıca bölməsi;
1.0.17. maliyyə tədqiqatçısı – investisiya tədqiqatını hazırlayan şəxs;
1.0.18. marketmeyker – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası (bu Qanunun 30.5-2-ci maddəsində nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən hüquqi şəxs;
1.0.19. mühüm iştirak payı – səhmdar cəmiyyətinin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən səhmlərə birbaşa və ya dolayı yolla sahiblik, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmə imkanı;
1.0.20. müştəri – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə xidmətlərin alınmasına dair müqavilə bağlamış fiziki və ya hüquqi şəxs;
1.0.21. nettinq – klirinq üzvlərinin digər üzvlərə göndərdiyi və ya onlardan aldığı köçürmə sifarişlərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsi;
1.0.23. portfelin idarə edilməsi – fərdi investorların verdiyi istiqamətlər üzrə bir və ya bir neçə qiymətli kağızdan və ya törəmə maliyyə alətlərindən, habelə pul vəsaitindən ibarət portfeli investisiya şirkətinin idarə etməsi üzrə əsas investisiya xidməti;
1.0.24. repo müqaviləsi – investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılması (alınması);
1.0.25. tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alqı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistem;
1.0.26. vahid məlumat resursu – bu Qanunun 9-cu fəsli ilə açıqlanması nəzərdə tutulan məlumatların dərc edildiyi, ictimaiyyət üçün açıq olan və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən yaradılan avtomatlaşdırılmış sistem;
1.0.27. vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülkiyyətçilər üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın müşahidə şurasının və icra orqanının üzvləri, ləğvedicisi və bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan digər şəxslər üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağa qoyulmaması, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsinin olmaması;
1.0.28. ödənişə qarşı çatdırılma – qiymətli kağızların alış qiymətinin tam ödənilməsi qarşılığında satıcının alıcıya və ya onun nümayəndəsinə qiymətli kağızların çatdırılmasının təmin edilməsi üzrə razılaşmanı ifadə edən prinsip;
1.0.29. hesablaşma – qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsi;
1.0.30. digər ticarət sistemi – Mərkəzi Bank tərəfindən müəyyən edilən və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem;
1.0.31. məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.