Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabat

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi və ya yerləşdirilməsi başa çatdıqdan sonra on iş günü müddətində emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs Mərkəzi Banka investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təqdim etməlidir.

11.2. İnvestisiya qiymətli kağızlarının emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabata dair tələbləri Mərkəzi Bank müəyyən edir.

11.3. Mərkəzi Bank investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabata on beş iş günü müddətində baxır və bu Qanunun 11.5-ci maddəsində göstərilən əsaslar olmadıqda onu təsdiq edir.

11.4. Kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.3-cü maddəsində göstərilən hesabatı Mərkəzi Bank təsdiq etdikdən sonra bu Qanunun 8.13-cü maddəsində nəzərdə tutulan müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür.

11.5. İnvestisiya qiymətli kağızlarının emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabata baxarkən qiymətli kağızların emissiyası və ya kütləvi təklifi şərtlərinin, habelə bu Qanunun 2-ci fəslinin tələblərinin pozulması faktı müəyyən olunduqda, Mərkəzi Bank əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:

11.5.1. pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması barədə;

11.5.2. yol verilmiş pozuntuların aradan qaldırılması mümkün olmadıqda, həmin investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsindən imtina barədə.

11.6. Bu Qanunun 11.5.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi halda, pozuntuya yol vermiş şəxs Mərkəzi Bankın müəyyən etdiyi vaxt ərzində həmin pozuntuların aradan qaldırılması barədə hesabatı, müvafiq təsdiqləyici sənədlər əlavə olunmaqla, Mərkəzi Banka təqdim etməlidir. Mərkəzi Bank həmin hesabatdan pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təsdiq edir, pozuntuların aradan qaldırılmadığı və ya ümumiyyətlə bu barədə hesabat təqdim olunmadığı halda, bu Qanunun 11.5.2-ci maddəsində nəzərdə tutulan qərarı qəbul edir.

11.7. Bu Qanunun 11.5.2-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi halda, emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsindən və satılmasından daxil olmuş vəsaitin on iş günü ərzində investorlara qaytarılmasını təmin edir və bunun nəticələri barədə Mərkəzi Banka məlumat təqdim edir.

11.8. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabat Mərkəzi Bank tərəfindən təsdiq edildiyi andan həmin emissiyaya daxil olan, lakin yerləşdirilməyən qiymətli kağızlar dövriyyədən çıxarılmış hesab edilir.

11.9. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabata dair bu maddənin tələbləri kütləvi təklif edilən istiqrazlara şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver