15.1. Depozitar sistemi qiymətli kağızların sənədsizləşdirilməsi, saxlanılması, uçotu, onlarla təsbit edilmiş hüquqların təsdiqi, öhdəliklərlə yüklənməsi, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, pul hesablarının açılması, həmin hesablar üzrə əməliyyatlar aparılması və pul köçürmələrinin həyata keçirilməsi ilə əlaqədar mərkəzi depozitar və onun üzvləri arasında olan münasibətlər sistemidir.
15.2. Mərkəzi depozitar onun üzvləri olan investisiya şirkətləri, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra – investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar) və investisiya fondlarının depozitarları və idarəçiləri, habelə kraudfandinq platformalarının operatorları ilə birlikdə depozitar sistemini təşkil edir. Mərkəzi depozitar bu sistemin mərkəzi institutudur.
15.3. Mərkəzi depozitar qiymətli kağızlar üzrə depozitar sistemini idarə edir.
15.4. Mərkəzi depozitar investorların maraqlarının təmin edilməsi üzrə fəaliyyət göstərir.
15.5. Mərkəzi depozitar üzvlərinin öhdəlikləri, üzvləri isə mərkəzi depozitarın öhdəlikləri üçün məsuliyyət daşımır.
15.6. Mərkəzi depozitarın üzvləri tərəfindən müştərilərin tapşırıqlarının icra edilməsi birbaşa elektron əlaqə vasitəsilə depozitar sistemində həyata keçirilməlidir.
15.7. Mərkəzi depozitar aşağıdakı tələblərə cavab verməlidir:
15.7.1. həyata keçirilən əməliyyatlar zamanı baş vermiş mənfi halların və maraqlar münaqişəsinin vaxtında müəyyən edilməsi üçün resursları olmalıdır;
15.7.2. risklərin idarəedilməsi sisteminə malik olmalıdır;
15.7.3. öz fəaliyyətini həyata keçirmək üçün proqram təminatı və texniki vasitələri olmalıdır;
15.7.4. fəaliyyətini tənzimləyən daxili qaydaları olmalıdır;
15.7.5. baş verə biləcək risklərin qarşısını almaq üçün maliyyə resursları olmalıdır.