Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Mərkəzi depozitarın hüquqi statusu və idarə edilməsi

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir. Mərkəzi depozitar Mərkəzi Bankın təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir. Mərkəzi depozitarın əsas məqsədi mənfəət götürmək deyil və fəaliyyəti nəticəsində əldə edilən mənfəət depozitar sisteminin inkişafına yönəldilir.

16.2. “Mərkəzi depozitar” sözlərindən öz adında yalnız Milli Depozit Mərkəzi istifadə edə bilər.

16.3. Mərkəzi depozitarın xidmət haqları haqqında məlumat ictimaiyyət üçün açıq olmalıdır.

16.4. Mərkəzi depozitarın baş idarəsi Azərbaycan Respublikasının ərazisində yerləşir.

16.5. Mərkəzi depozitarın ali idarəetmə orqanı müşahidə şurası, icra orqanı isə idarə heyətidir.

16.6. Mərkəzi depozitarın müşahidə şurası beş nəfərdən ibarətdir. Müşahidə şurasının tərkibinə Mərkəzi Bankın iki nümayəndəsi, bu Qanunun 19.1-ci maddəsi ilə müəyyən edilmiş mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir. Müstəqil üzvü müşahidə şurasının digər üzvləri təyin edirlər. Müstəqil üzv Mərkəzi Bankın, mərkəzi depozitarın, investisiya şirkətinin, investisiya fondunun idarəçisinin, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın, fond birjasının, kraudfandinq platformasının operatorunun və ya klirinq təşkilatının işçisi və ya onun əsas gəliri qiymətli kağızlar bazarı ilə bağlı olmamalıdır. Müşahidə şurası üzvlərinin səlahiyyət müddəti beş ildir və onlar yalnız bir təkrar müddətə təyin edilə bilərlər.

16.7. Bu Qanunun 19.1-ci maddəsi ilə müəyyən edilmiş mərkəzi depozitarın üzvlərinin müşahidə şurasının tərkibinə daxil olan nümayəndələri onların yarısından çoxunun iştirakı ilə Mərkəzi Bankın təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir. Yığıncağın keçirilməsi barədə iştirakçılara azı on iş günü əvvəldən yazılı bildiriş göndərilir.

16.8. Mərkəzi depozitarın müşahidə şurası üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilir:

16.8.1. öz ərizəsi ilə;

16.8.2. səlahiyyət müddəti başa çatdıqda;

16.8.3. seçildiyi və ya təyin edildiyi qaydada vaxtından əvvəl vəzifədən azad edildikdə;

16.8.4. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda.

16.9. Müşahidə şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, onun yerinə təyin edilmiş üzvün səlahiyyət müddəti əvəz etdiyi üzvün səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır.

16.10. Müşahidə şurasına sədr rəhbərlik edir. Müşahidə şurasının sədrini və onun müavinini Mərkəzi Bankın təqdimatı ilə müşahidə şurası öz üzvləri sırasından seçir. Müşahidə şurasının sədri olmadıqda, onun səlahiyyətlərini müavini icra edir.

16.11. Mərkəzi depozitarın müşahidə şurasının növbəti və növbədənkənar iclasları keçirilir. Növbəti iclaslar rübdə bir dəfədən az olmayaraq, növbədənkənar iclaslar isə Mərkəzi Bankın, müşahidə şurası sədrinin, müşahidə şurasının ən azı iki üzvünün və ya idarə heyətinin tələbi ilə çağırıla bilər. Müşahidə şurasının üzvlərinə iclasların keçirilməsinə azı üç iş günü qalmış yazılı bildiriş göndərilir.

16.12. Müşahidə şurasının azı üç (sədr və ya müavini daxil olmaqla) üzvünün iştirak etdiyi iclas səlahiyyətlidir.

16.13. Müşahidə şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Müşahidə şurasının üzvü səsvermə zamanı bitərəf qala bilməz.

16.14. Müşahidə şurasının qərarları protokolla rəsmiləşdirilir. Protokolu iclasın sədri və katibi imzalayırlar.

16.15. Müşahidə şurasının iclaslarının çağırılması və keçirilməsi qaydasını müşahidə şurası müəyyən edir.

16.16. Mərkəzi depozitarın müşahidə şurası aşağıdakı vəzifələri yerinə yetirir:

16.16.1. mərkəzi depozitarın fəaliyyət strategiyasını təsdiq edir;

16.16.2. mərkəzi depozitarın təşkilati strukturunu və işçilərinin say həddini təsdiq edir;

16.16.3. mərkəzi depozitarın illik büdcəsini və ona edilən dəyişiklikləri, o cümlədən maliyyə hesabatlarını təsdiq edir;

16.16.4. mərkəzi depozitarın xidmət haqlarının Mərkəzi Bank tərəfindən müəyyən edilməsi üçün təkliflər verir;

16.16.5. mərkəzi depozitarın işçilərinin əmək haqlarının ödənilmə formalarını və miqdarını təsdiq edir;

16.16.6. mərkəzi depozitarın daxili qaydalarını, habelə idarə heyətinin və struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

16.16.7. mərkəzi depozitarın vəsaitinin yerləşdirilməsi üsullarını, istiqamətlərini və qaydasını müəyyən edir;

16.16.8. mərkəzi depozitarın fəaliyyəti haqqında hesabatın tərtib olunması qaydasını müəyyən edir;

16.16.9. mərkəzi depozitarın idarə heyətinin üzvlərini, o cümlədən sədrini vəzifəyə təyin və vəzifədən azad edir;

16.16.10. mərkəzi depozitarın daxili audit bölməsinin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir;

16.16.11. mərkəzi depozitarın idarə heyətinin hesabatını təsdiq edir;

16.16.12. mərkəzi depozitarın filiallarının və nümayəndəliklərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi haqqında qərar verir, onların əsasnamələrini təsdiq edir;

16.16.13. bu Qanunla səlahiyyətlərinə aid olan və ya fəaliyyətinə dair digər məsələləri həll edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver