19.1. Mərkəzi depozitarın üzvləri investisiya şirkətləri, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar, kraudfandinq platformalarının operatorları və investisiya fondlarının depozitarları və idarəçiləridir.
19.2. Mərkəzi depozitar daxili qaydaları ilə müəyyən edilmiş üzvlüyə dair tələblərə cavab verən investisiya şirkətinin, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın, investisiya fondunun depozitarının və ya idarəçisinin, habelə kraudfandinq platformasının operatorunun müraciət tarixindən bir ay ərzində həmin şəxsi üzvlüyə qəbul etməlidir.
19.3. Mərkəzi depozitarın üzvlərinin vəzifələri aşağıdakılardır:
19.3.1. qiymətli kağız mülkiyyətçilərinin hesablarının idarə edilməsi;
19.3.2. qiymətli kağızların depozitar sistemində ötürülməsinin təmin edilməsi;
19.3.3. müştərilər və onlara məxsus qiymətli kağızlar haqqında həmin müştərilərin hüquqlarının təsdiqi və müdafiəsi üçün zəruri olan məlumatların mərkəzi depozitara verilməsi;
19.3.4. müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və onlara aid olan aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;
19.3.5. ləğv olunduqda və ya yenidən təşkil edildikdə və ya öz müştəriləri qarşısında öhdəliklərini yerinə yetirmədikdə, bu barədə müştərilərə məlumat verilməsi;
19.3.6. müştəri ilə bağlanmış müqaviləyə xitam verildikdə, həmin müqaviləyə xitam verilməsinin səbəblərini göstərməklə, bu barədə mərkəzi depozitara məlumat verilməsi;
19.3.7. investisiya fondlarının depozitarları tərəfindən həmçinin “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrası.
19.4. Mərkəzi depozitar üzvləri bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən edilmiş daxili qaydalara riayət olunmasına nəzarət etməlidir.
19.5. Mərkəzi depozitar aşağıdakılar barədə Mərkəzi Banka dərhal məlumat verməlidir:
19.5.1. üzvlər mərkəzi depozitar qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;
19.5.2. üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin Mərkəzi Bank tərəfindən müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə;
19.5.3. üzvlərinin siyahısında hər hansı dəyişikliklər baş verdikdə.
19.6. Mərkəzi depozitar və onun üzvləri aşağıdakıları həyata keçirə bilməzlər:
19.6.1. müştəri ilə üzvləri arasındakı müqavilədə nəzərdə tutulmuş hallarda müştərinin tapşırığı ilə həyata keçirilən hərəkətlərdən başqa, müştərinin qiymətli kağızları üzərində sərəncam vermək;
19.6.2. müştərinin qiymətli kağızlarından öz öhdəliklərinin və üçüncü şəxslərin öhdəliklərinin icrasının təminatı kimi istifadə etmək;
19.6.3. müştəri ilə müqavilə bağlamadan onu təmsil etmək;
19.6.4. məhkəmənin qərarı, habelə Mərkəzi Bankın və ya maliyyə monitorinqi orqanının sorğusu əsasında nəzərdə tutulmuş hallar istisna olmaqla, müştərinin hesabının vəziyyətinə dair məlumatları ötürmək.
19.7. Bu Qanunun 41.2-ci maddəsi ilə müəyyən edilmiş tələb investisiya fondlarının idarəçilərinin fəaliyyəti ilə bağlı keçirilmiş əməliyyatlara dair məlumatlara da şamil edilir.