Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Müştərilərin mərkəzi depozitarda hesabları və aktivləri

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Mərkəzi depozitarın üzvlərinin hesabında saxlanılan pul vəsaitindən yalnız müştərinin tapşırığı əsasında həyata keçirilən əqdlərin ödənilməsi üçün istifadə edilir.

22.2. Müştərinin depo hesabında saxlanılan aktivlər mərkəzi depozitarın və onun üzvlərinin öhdəliklərinə, habelə məhkəmənin qərarı ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müştərilərin iradəsinə zidd olaraq müştərinin öhdəliklərinin ödənilməsinə yönəldilə bilməz.

22.3. Müştərilərin depo hesabında saxlanılan qiymətli kağızların öhdəliklərlə yüklənməsini yalnız onların yazılı razılığı ilə (məhkəmənin qərarı ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) mərkəzi depozitar qeydiyyata alır.

22.4. Depo hesablarından qiymətli kağızlar üzərində mülkiyyət hüquqlarının müəyyən edilməsi, hüquqların həyata keçirilməsi üzrə məhdudiyyətlər və qiymətli kağızlarla təsbit edilən digər hüquqların həyata keçirilməsi üçün istifadə edilir.

22.5. Depozitar sistemində qiymətli kağızların ötürülməsi və ya digər hüquqların həyata keçirilməsi üzrə tapşırıqların icrası onların daxilolma ardıcıllığı ilə təmin edilir.

22.6. Daxil olmuş tapşırıqlar depozitar sistemində hər hansı məhdudiyyət mövcud olmadığı təqdirdə icra edilir. Qiymətli kağızların ötürülməsinə məhdudiyyətlər girov üzrə, habelə məhkəmə və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-20.4-cü maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən qoyulur.

22.7. Qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın notariusun real vaxt rejimində əldə etməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin dərhal elektron formada depozitar sisteminə ötürülməsi və depozitar sistemindən alıcının hüquqlarını təsdiqləyən sənədlərin alınması məqsədi ilə elektron informasiya sistemləri vasitəsilə məlumatların mübadiləsi təmin olunur. Notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və depozitar sistemində onların qeydiyyatı qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver