Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Nominal saxlayıcı

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Nominal saxlayıcı müqavilə və ya etibarnamə əsasında investorun tapşırığı ilə və onun xeyrinə qiymətli kağızlara dair hüquqları həyata keçirən, qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınmış, qiymətli kağızların mülkiyyətçisi olmayan xarici depozitar və ya xarici investisiya şirkətidir.

27.2. Bir nominal saxlayıcının müştəriləri olan qiymətli kağız mülkiyyətçiləri arasında əqdlər bağlandıqda, onların nəticələri qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks etdirilmir.

27.3. Nominal saxlayıcı müştərinin tapşırığının icrası barədə müştəriyə məlumat verməlidir.

27.4. Bu Qanunun 27.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, nominal saxlayıcı müştərinin icazəsi olmadan onun adını açıqlamamalıdır.

27.5. Nominal saxlayıcı müştərilərinin müəyyən edilməsinə və onlara məxsus qiymətli kağızlara dair zəruri olan bütün məlumatlara malik olmalıdır.

27.6. Nominal saxlayıcı Mərkəzi Bankın və ya mərkəzi depozitarın tələbi ilə nominal saxlayıcısı olduğu investorların eyniləşdirilməsinə dair məlumatları beş iş günü ərzində onlara təqdim etməlidir.

27.7. Nominal saxlayıcı müştərinin tapşırığı əsasında aşağıdakıları həyata keçirir:

27.7.1. müştərinin qiymətli kağızlar üzrə bütün ödənişləri almasına dair tədbirləri;

27.7.2. qiymətli kağızlarla əqdlər bağlanmasını;

27.7.3. qiymətli kağızların uçotunun aparılmasını;

27.7.4. qiymətli kağızların öhdəliklərlə yüklənməsini;

27.7.5. müştərinin maraqlarının qorunmasını;

27.7.6. müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən təlimatlar alaraq onların təmsil edilməsini, habelə müştərinin mənafeyi naminə digər hərəkətlərin yerinə yetirilməsini.

27.8. Müştərinin tapşırığı ilə qiymətli kağız mülkiyyətçilərinin reyestrində nominal saxlayıcının yerinə müştərinin özü göstərilir.

27.9. Nominal saxlayıcıya qarşı irəli sürülən tələblər onun nominal saxlayıcı kimi saxladığı qiymətli kağızlara yönəldilə bilməz. Nominal saxlayıcıda olan qiymətli kağızların mülkiyyətçilərinə qarşı irəli sürülən tələblər həmin qiymətli kağızların nominal saxlayıcısına yönəldilə bilməz.

27.10. Müştərinin tələbi ilə nominal saxlayıcı qiymətli kağızları geri qaytarmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver