3.1. İnvestisiya qiymətli kağızlarının emissiyası bu Qanunun 3.5-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirlərin məcmusudur.
3.2. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və bir buraxılış daxilində investisiya qiymətli kağızları ilə təsdiqlənən hüquqlar eyni olmalıdır. İnvestisiya qiymətli kağızlarının buraxılışı emitentin bir növə aid olan, eyni dövlət qeydiyyat nömrəsinə və nominal dəyərə malik investisiya qiymətli kağızlarının toplusudur.
3.3. Səhmdar cəmiyyətinin emissiya etdiyi səhmlərin nominal dəyəri eyni olmalıdır.
3.4. Səhmlərin nominalı yalnız milli valyutada ifadə olunmalıdır. İstiqrazların nominalı milli və ya xarici valyutada ifadə olunur.
3.5. İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:
3.5.1. emitent tərəfindən investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarın qəbul edilməsi;
3.5.2. emitent tərəfindən investisiya qiymətli kağızlarının emissiya prospektinin və ya bu Qanunun 5.5-ci maddəsi ilə müəyyən edilmiş hallarda informasiya memorandumunun tərtib edilməsi (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün);
3.5.3. Mərkəzi Bankın investisiya qiymətli kağızlarının buraxılışını dövlət qeydiyyatına alması və emissiya prospektini və ya informasiya memorandumunu təsdiq etməsi;
3.5.4. investisiya qiymətli kağızlarının emissiya prospektində və ya informasiya memorandumunda olan məlumatların açıqlanması (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün);
3.5.5. investisiya qiymətli kağızlarının yerləşdirilməsi və ya tənzimlənən bazarlara ticarətə buraxılması;
3.5.6. Mərkəzi Bankın investisiya qiymətli kağızlarının (kütləvi təklif edilən istiqrazlar istisna olmaqla) emissiyasının yekunları haqqında hesabatı təsdiq etməsi;
3.5.7. investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatda olan məlumatların açıqlanması (səhmlər kütləvi təklif edildikdə).
3.6. Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.
3.6-1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən Mərkəzi Bankın müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.
3.7. Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası qaydasını Mərkəzi Bank müəyyən edir.
3.8. Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələbləri Mərkəzi Bank müəyyən edir.