Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. İnvestisiya şirkəti və onun xidmətləri

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. Bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətləri Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları tərəfindən bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya alınmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilən həcmdə və qaydada həyata keçirilir.

30.2. İnvestisiya şirkətləri əsas və yardımçı investisiya xidmətləri göstərir.

30.3. Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:

30.3.1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;

30.3.2. fərdi investorların portfelinin idarə edilməsi;

30.3.3. investisiya məsləhətlərinin verilməsi;

30.3.4. qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

30.3.5. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

30.3.6. mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

30.3.7. marja ticarəti.

30.4. Yardımçı investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:

30.4.1. qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması;

30.4.2. investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;

30.4.3. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;

30.4.4. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;

30.4.5. əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.

30.5. Mərkəzi Bank ümumdövlət maraqları üçün investisiya şirkəti fəaliyyəti üzrə lisenziya olmadan qiymətli kağızlar, o cümlədən dövlət qiymətli kağızları və törəmə maliyyə alətləri ilə əməliyyatları tənzimlənən bazarla yanaşı digər ticarət sistemində də həyata keçirmək hüququna malikdir. Digər ticarət sistemində aparılan əməliyyatlar barədə məlumatlar Mərkəzi Bank tərəfindən dərhal mərkəzi depozitara ötürülür.

30.5-1. Dövlət qiymətli kağızları, Mərkəzi Bankın buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlar digər ticarət sistemində aparıldıqda, əqdlər həmin ticarət sisteminin qaydalarına uyğun olaraq bağlanılır.

30.5-2. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və investisiya şirkətləri dövlət qiymətli kağızlarının marketmeykeri qismində çıxış etdikdə, alqı-satqı əməliyyatları üzrə qiymət dəhlizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılır.

30.6. İnvestisiya şirkəti tərəfindən bu Qanunun 30.3-cü və 30.4-cü maddələrində nəzərdə tutulmuş investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi qaydasını Mərkəzi Bank müəyyən edir.

30.7. İnvestisiya şirkəti və ya investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

30.8. Bu Qanunun 30.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, bu Qanunun 4-cü fəsli (bu Qanunun 31-ci, 32-ci və 42-ci maddələri istisna olmaqla) investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver