31.1. İnvestisiya şirkəti kapital, daxili nəzarət sistemi və risklərin idarə edilməsinə dair prudensial nəzarət tələblərinə cavab verməlidir.
31.2. İnvestisiya şirkəti fəaliyyətinə dair müəyyən olunan kapital tələbləri şirkətin nizamnamə kapitalına dair tələbləri və fəaliyyəti müddətində davamlı kapital tələblərini əhatə edir.
31.3. Bu Qanunun 30.3-cü və 30.4-cü maddələrində nəzərdə tutulmuş əsas və yardımçı investisiya xidmətlərinin (əməliyyatlarının) yerinə yetirilməsi üçün investisiya şirkətlərinin nizamnamə kapitalının minimum həcmini Mərkəzi Bank müəyyənləşdirir.
31.4. Bu Qanunun 30.3.5-30.3.7-ci maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının) yerinə yetirilməsi üçün investisiya şirkətlərinin nizamnamə kapitalının minimum həcmi daha yüksək məbləğdə müəyyən edilməlidir.
31.5. İnvestisiya şirkətlərinin davamlı kapital tələblərini idarə etdikləri aktivlərin və ticarət kitablarının həcmindən asılı olaraq, Mərkəzi Bank müəyyən edir.
31.6. İnvestisiya şirkəti öz nizamnamə kapitalı və ya davamlı kapitalı müəyyən edilmiş minimum miqdardan aşağı olduqda, bu barədə Mərkəzi Banka üç iş günü ərzində məlumat təqdim etməlidir.
31.7. İnvestisiya şirkətinin daxili nəzarət sistemi aşağıdakıları təmin etməlidir:
31.7.1. davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsini;
31.7.2. mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsini.
31.8. İnvestisiya şirkəti öz daxili nəzarət sisteminin səmərəliliyinin mütəmadi olaraq yoxlanılmasını və ehtiyac yarandıqda, daxili nəzarət sisteminin yenilənməsini təmin etməlidir.
31.9. İnvestisiya şirkətinin risklərin idarə edilməsi sistemi aşağıdakıları təmin etməlidir:
31.9.1. investisiya şirkəti ilə bağlı risklərin idarə edilməsinə dair daxili qaydaların qəbulunu;
31.9.2. fəaliyyəti zamanı qarşılaşdığı risklərin məqbul çərçivəsinin müəyyən edilməsini və risk səviyyəsinə davamlı nəzarət edilməsini;
31.9.3. risklərin idarə edilməsi sisteminin qiymətləndirilməsini;
31.9.4. investisiya şirkətinin risk profilinin müəyyən edilməsini.
31.10. Bu Qanunun 31.3-cü və 31.4-cü maddələrinə əsasən müəyyən edilmiş kapital tələbləri investisiya şirkətlərinə rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.
31.11. İnvestisiya şirkətinə prudensial nəzarət tələbləri konsolidasiya əsasında aşağıdakı hallarda tətbiq olunur:
31.11.1. törəmə təsərrüfat cəmiyyətlərinə malik olduqda;
31.11.2. investisiya şirkəti özü törəmə təsərrüfat cəmiyyəti olduqda.
31.12. Qanunla nəzərdə tutulmuş hallarda investisiya şirkətinin əsas təsərrüfat cəmiyyətinin fəaliyyətinə konsolidasiya əsasında müvafiq prudensial nəzarət tələbləri tətbiq edildikdə, investisiya şirkəti bu Qanunun 31.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərdən azad olunur.
31.13. İnvestisiya şirkətləri Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.