Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. İnvestisiya şirkəti tərəfindən maraqlar münaqişəsinin qarşısının alınması

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

36.1. İnvestisiya şirkəti əsas və yardımçı investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə əlaqədar olaraq investisiya şirkətinin aidiyyəti şəxsləri ilə investisiya şirkəti arasında, investisiya şirkəti ilə müştəriləri arasında, habelə investisiya şirkətinin müştərilərinin arasında ortaya çıxa biləcək maraqlar münaqişəsinin aşkarlanması, idarə olunması və qarşısının alınması məqsədi ilə texniki və təşkilati tədbirlərə, o cümlədən daxili prosedurlara malik olmalıdır.

36.2. İnvestisiya şirkəti müştərilərinin maraqlarını təhlükə altında qoya biləcək maraqlar münaqişəsinin aşkarlanması məqsədi ilə ən azı aşağıdakı risklərin mövcudluğunu yoxlamalıdır:

36.2.1. investisiya şirkətinin və ya onun aidiyyəti şəxsinin müştərinin zərəri hesabına mənfəət əldə etməsi və ya zərərdən qaçması;

36.2.2. müştəriyə göstərilən xidmətlər və ya onun adından həyata keçirilən əməliyyatlar nəticəsində investisiya şirkətinin və ya onun aidiyyəti şəxsinin mənafeyinin müştərinin mənafeyindən fərqli olması;

36.2.3. investisiya şirkəti və ya onun aidiyyəti şəxsinin bir müştərinin mənafelərini digər müştərinin mənafelərindən üstün tutmaqda maraqlı olması;

36.2.4. investisiya şirkəti və ya onun aidiyyəti şəxsinin müştəri ilə eyni növ sahibkarlıq fəaliyyəti ilə məşğul olması;

36.2.5. müştəriyə göstərilən xidmətlər nəticəsində üçüncü şəxslər tərəfindən investisiya şirkətinə həmin xidmətlə bağlı xidmət haqqı istisna olmaqla, hər hansı gəlir verilməsi və ya xidmət göstərilməsi.

36.3. Aşkar edilmiş maraqlar münaqişəsinin müştərinin maraqlarını təhlükə altında qoyduğu müəyyən edildikdə, investisiya şirkəti müştəriyə xidmət göstərməzdən əvvəl mövcud maraqlar münaqişəsi barədə ona məlumat verməlidir.

36.4. İnvestisiya şirkəti tərəfindən maraqlar münaqişəsinin qarşısının alınmasına dair daxili prosedurlarda aşağıdakılar müəyyən edilməlidir:

36.4.1. bir və ya bir neçə müştərinin mənafelərini təhlükə altında qoyan maraqlar münaqişəsinin ortaya çıxması riskinin mövcud olduğu investisiya xidmətləri (əməliyyatları);

36.4.2. ortaya çıxan maraqlar münaqişəsi və onların idarə edilməsi məqsədi ilə həyata keçiriləcək tədbirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver