Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. İnvestisiya tədqiqatına dair məhdudiyyətlər və onu hazırlayan şəxslərə dair tələblər

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.1. İnvestisiya tədqiqatının həyata keçirilməsi zamanı aşağıdakılara yol verilmir:

37.1.1. investisiya tədqiqatı tətbiq olunmayana və onun nəticələri ictimaiyyətə və ya müştərilərə açıqlanmayanadək, maliyyə tədqiqatçıları və investisiya şirkətinin digər aidiyyəti şəxsləri tərəfindən, marketmeyker tərəfindən bazarın sabitliyinin təmin edilməsi və ya müştərilərin tamamlanmamış sifarişlərinin icrası məqsədi ilə həyata keçirilən əməliyyatlar istisna olmaqla, investisiya tədqiqatı aparılan qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması;

37.1.2. investisiya tədqiqatının aparılmasında iştirak edən investisiya şirkəti, maliyyə tədqiqatçıları və investisiya şirkətinin digər aidiyyəti şəxsləri tərəfindən, həmin tədqiqatda marağı olan şəxslərdən hər hansı şəkildə mükafatın qəbul edilməsi;

37.1.3. investisiya tədqiqatının aparılmasında iştirak edən investisiya şirkəti, maliyyə tədqiqatçıları və investisiya şirkətinin digər aidiyyəti şəxsləri tərəfindən həmin tədqiqatda marağı olan emitentlərə qənaətbəxş tədqiqat nəticələrinin vəd edilməsi;

37.1.4. investisiya tədqiqatının layihəsində tövsiyə və ya qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinə dair proqnoz əks olunduqda, emitentlərin, maliyyə tədqiqatçıları olmayan investisiya şirkətinin digər aidiyyəti şəxslərinin və ya hər hansı digər şəxsin həmin tədqiqatın açıqlanmasından əvvəl (investisiya şirkətinin vəzifələrinin yerinə yetirilməsinin yoxlanılması istisna olmaqla) investisiya tədqiqatının layihəsi ilə tanış olması;

37.1.5. qiymətli kağızlar və onların emitentləri barədə tədqiqat aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin yanlış və qeyri-obyektiv məlumatlar açıqlaması.

37.2. Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslər qiymətli kağızlar və ya törəmə maliyyə alətləri barədə məlumatları yaydıqda, həmin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərində öz maraqları və ya maraqlar münaqişəsi olduqda, onlar bu barədə məlumatları açıqlamalıdır.

37.3. Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması qaydasını Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver