Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektinin və informasiya memorandumunun təsdiq edilməsi

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. İnvestisiya qiymətli kağızlarının buraxılışını Mərkəzi Bank dövlət qeydiyyatına alır.

6.2. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi zamanı onların emissiya prospektini və ya informasiya memorandumu Mərkəzi Bank təsdiq edir.

6.3. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün emitent Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir:

6.3.1. investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə;

6.3.2. investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar;

6.3.3. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

6.3.4. investisiya qiymətli kağızlarının emissiya prospekti və ya informasiya memorandumu (investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutularsa);

6.3.5. investisiya qiymətli kağızlarının emissiya prospektinin təsdiq edilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa);

6.3.6. istiqrazların buraxılışı zamanı emitentin başa çatmış son üç maliyyə ili (üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üzrə audit yoxlamasından keçmiş (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatları, emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə həmin dövrü əhatə edən maliyyə hesabatları;

6.3.6-1. istiqrazların borc əsaslı kraudfandinq məqsədilə buraxılışı zamanı emitentin “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.1.8-ci və 9.3.1.9-cu maddələrində tələb olunan məlumatları və sənədləri. (Bu maddə 2027-ci il yanvarın 24-dən qüvvəyə minir.)

6.3-1. Bu maddədə nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər emitentdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi emitentin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya emitent tərəfindən təmin edilir.

6.3-2. Bu Qanunun 6.3.3-cü, 6.3.6-cı və 6.3.6-1-ci maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

6.4. Mərkəzi Bank investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı, habelə emissiya prospektinin və ya informasiya memorandumunun təsdiq edilməsi üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən on iş günü müddətində baxır. Qeydiyyatdan imtina üçün bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, investisiya qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alınır və emissiya prospekti və ya informasiya memorandumu təsdiq edilir. Bu halda Mərkəzi Bank emitentə investisiya qiymətli kağızlarının dövlət reyestrindən çıxarış və emissiya prospektinin və ya informasiya memorandumunun təsdiq olunması haqqında yazılı bildiriş təqdim edir.

6.5. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı emissiya prospektinin və ya informasiya memorandumunun təsdiq edilməsindən (investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutularsa) və məlumatların dövlət reyestrinə daxil edilməsindən ibarətdir.

6.6. Mərkəzi Bank investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından, emissiya prospektinin və ya informasiya memorandumunun təsdiq edilməsindən (investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutularsa) aşağıdakı hallarda imtina edir:

6.6.1. investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər bu Qanunun tələblərinə cavab vermədikdə;

6.6.2. emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabatı Mərkəzi Bank təsdiq etmədikdə;

6.6.3. investisiya qiymətli kağızlarının emissiya prospektinə, informasiya memorandumuna və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərara (investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda.

6.7. Bu Qanunun 6.6-cı maddəsində göstərilən hallar müəyyən edildikdə, Mərkəzi Bank investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından və emissiya prospektinin və ya informasiya memorandumunun təsdiq edilməsindən (investisiya qiymətli kağızlarının kütləvi təklifi nəzərdə tutularsa) imtina barədə əsaslandırılmış qərar qəbul etməli və bu qərarı iki iş günü ərzində emitentə göndərməlidir.

6.8. Dövlət qeydiyyatına alınmış, lakin kütləvi təklif edilməmiş investisiya qiymətli kağızlarının tənzimlənən bazarlara ticarətə buraxılması zamanı emissiya prospektinin və ya informasiya memorandumunun təsdiq edilməsi Mərkəzi Banka aşağıdakı sənədlər təqdim edilməklə bu Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir:

6.8.1. investisiya qiymətli kağızlarının emissiya prospektinin və ya informasiya memorandumunun təsdiq edilməsi üçün ərizə;

6.8.2. investisiya qiymətli kağızlarının emissiya prospekti və ya informasiya memorandumu.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver