7.1. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti və ya informasiya memorandumu Mərkəzi Bank tərəfindən təsdiqləndikdən sonra bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) açıqlanmalıdır.
7.2. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti və informasiya memorandumu emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.
7.3. Mərkəzi Bankın təsdiq etmədiyi emissiya prospektinin və ya informasiya memorandumunun açıqlanmasına və reklam edilməsinə yol verilmir.
7.4. Emissiya prospektinin və informasiya memorandumunun reklamında emissiya prospektinin və informasiya memorandumunun dərc olunduğu yerlər və investorların qərar qəbul etməsi üçün lazım olan məlumatlar göstərilməlidir. İnvestisiya qiymətli kağızlarının reklamının xüsusiyyətləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
7.5. Reklam və digər vasitələrlə təqdim olunan məlumatlar qeyri-dəqiq və çaşdırıcı olmamalı, emissiya prospektində və informasiya memorandumunda əks olunan məlumatlara uyğun olmalıdır.
7.6. Bu Qanunun 5.6-cı maddəsinin müddəalarına əsasən emissiya prospektinin və informasiya memorandumunun tərtibinin tələb edilməsi nəzərdə tutulmadıqda, emitent tərəfindən informasiya xarakterli məlumat investorlar üçün nəzərdə tutulubsa, həmin məlumat onlar qarşısında açıqlanmalıdır.