64.1. Azərbaycan Respublikası ərazisində fond birjası, klirinq, investisiya fondunun depozitarı və investisiya şirkəti fəaliyyətləri (bundan sonra – lisenziyalaşdırılan fəaliyyət) ilə yalnız bu Qanunun 8-ci fəslinə uyğun qaydada lisenziya almış hüquqi şəxslər məşğul olurlar. İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyəti ilə bu Qanunun 8-1-ci fəslinə uyğun qaydada lisenziya almış banklar və xarici bankların yerli filialları da məşğul olurlar.
64.2. Lisenziyalaşdırılan fəaliyyətə lisenziyanın verilməsini və ləğv edilməsini bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həyata keçirir. Banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün lisenziyanın verilməsini və ləğv edilməsini bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həyata keçirir.
64.3. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya müddətsiz verilir. Lisenziyadan yalnız onu almış şəxs istifadə edir və lisenziya üçüncü şəxslərə ötürülə bilməz. Lisenziyalaşdırılan fəaliyyətə verilmiş lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.
64.4. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.
64.5. Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçməmiş, xarici dövlətlərin aidiyyəti nəzarət orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə olunmayan lisenziyalaşdırılan fəaliyyətlərə yol verilmir.
64.6. İnvestisiya şirkətinin fəaliyyətinə verilmiş lisenziyada investisiya şirkəti tərəfindən göstərilməsi nəzərdə tutulan bu Qanunun 30.3-cü və 30.4-cü maddələrində müəyyən edilmiş investisiya xidmətləri (əməliyyatları) əks olunmalıdır. Fond birjası fəaliyyətinə verilmiş lisenziyada bu Qanunun 45.2-ci maddəsində müəyyən edilmiş bazarların növləri əks olunmalıdır.
64.7. İnvestisiya şirkəti onun fəaliyyətinə verilmiş lisenziyada əks olunan investisiya xidmətlərini (əməliyyatlarını) bu Qanunun 74-cü maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bankın icazəsi əsasında genişləndirə bilər. Fond birjası onun fəaliyyətinə verilmiş lisenziyada əks olunan bazarların növlərini bu Qanunun 74-cü maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bankın icazəsi əsasında genişləndirə bilər.
64.8. İnvestisiya şirkətinin fəaliyyətinə lisenziya yalnız bu Qanunun 30.4-cü maddəsi ilə müəyyən olunmuş yardımçı xidmətlərin (əməliyyatların) göstərilməsi üçün verilə bilməz.
64.9. Bu maddənin investisiya şirkəti fəaliyyətinə dair tələbləri investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün bu Qanunun 8-1-ci fəslinə uyğun olaraq lisenziyalaşdırılan banklara və xarici bankların yerli filiallarına da şamil edilir.