63.1. Lisenziyalaşdırılan şəxslərin icra orqanının, müşahidə şurasının, audit komitəsinin üzvləri, habelə investisiya şirkətinin filiallarının rəhbərləri aşağıdakı tələblərə cavab verməlidir:
63.1.1. ali təhsilli olmalıdırlar;
63.1.2. maliyyə vəziyyətinin pisləşməsi səbəbindən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, audit komitəsinin üzvü və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları olmamalıdırlar. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən iki il müddətində tətbiq edilir;
63.1.3. tutduqları vəzifədən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına və tutduqları vəzifəyə uyğun gəlmədiklərinə görə son 3 il ərzində azad edilmiş olmamalıdırlar;
63.1.4. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır;
63.1.5. eyni zamanda müvafiq olaraq digər lisenziyalaşdırılan şəxslərdə hər hansı vəzifə tutmamalı və ya xidmət göstərməməlidirlər;
63.1.6. maliyyə xidmətləri sektorunda iş təcrübəsi ən azı beş il (o şərtlə ki, üç ili rəhbər vəzifələrdə) olmalıdır.
63.1-1. Daxili audit xidmətinin rəhbəri və əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidirlər.
63.1-2. Lisenziyalaşdırılan şəxslərin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır.
63.1-3. Lisenziyalaşdırılan şəxslərin baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.
63.2. Lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərilir. Bildirişə müvafiq olaraq bu Qanunun 66.1.10-cu, 66.1.11-ci və 71.3.5-ci maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank otuz təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə sənədlərin təqdim edildiyi gündən on beş təqvim günü müddətində onlara məlumat verilir və səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
63.2-1. Lisenziyalaşdırılan şəxslərin audit komitəsinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları və investisiya şirkətinin filial rəhbərləri vəzifəsinə bütün təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən yeddi iş günü müddətində investisiya şirkəti tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə həmin şəxslər barəsində müvafiq olaraq bu Qanunun 66.1.10-cu, 66.1.11-ci və 71.3.5-ci maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Bildirişdə həmin vəzifələrə təyin olunmuş şəxslərin müvafiq olaraq bu Qanunun 63.1-ci, 63.1-1 - 63.1-3-cü maddələrinin tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.
63.3. Lisenziyalaşdırılan şəxslərin orqanlarında hər hansı dəyişiklik olduqda, üç iş günündən gec olmayaraq Mərkəzi Banka bu barədə məlumat verilir.
63.4. Lisenziyalaşdırılan şəxslərin müşahidə şurasının, audit komitəsinin və icra orqanının üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs) və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları, habelə investisiya şirkətinin filiallarının rəhbərləri bu Qanunun 63-cü maddəsinin tələblərinə cavab vermədikdə, lisenziyalaşdırılan şəxslər Mərkəzi Bankın təqdimatı ilə onların səlahiyyətinə vaxtından əvvəl xitam verməlidir.
63.5. Lisenziyalaşdırılan şəxslərin müşahidə şurasının, audit komitəsinin və icra orqanının üzvləri, habelə xidməti vəzifələrini yerinə yetirərkən gizli (konfindensial) məlumat əldə edən işçiləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və ya məhkəmə qərarı ilə müəyyən edilmiş məlumatın açıqlanması halları istisna olmaqla, məlumatların gizliliyini qorumalıdırlar.
63.6. İnvestisiya şirkətinin icra orqanının üzvünə dair bu Qanunun 63-cü maddəsinin tələbləri xarici investisiya şirkətinin filiallarının rəhbərlərinə də şamil edilir.
63.7. Bu Qanunun 63-cü maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.