66.1. Lisenziya verilməsi üçün ilkin müraciət olunarkən aşağıdakı sənədlər və məlumatlar təqdim edilməlidir:
66.1.1. lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün ərizə (investisiya şirkətinin fəaliyyəti üçün ərizədə əlavə olaraq göstərilməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları), fond birjası fəaliyyəti üçün əlavə olaraq ticarəti təşkil edəcəyi bazarların növləri əks olunmalıdır);
66.1.2. təsis haqqında qərarın notariat qaydasında təsdiq edilmiş surəti və təsisçilər tərəfindən təsdiq edilmiş nizamnamə;
66.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:
66.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
66.1.3.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
66.1.3.3. son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditorun müvafiq rəyi əlavə olunmaqla, təsdiq edilmiş maliyyə hesabatları;
66.1.3.4. nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli orqanın qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;
66.1.3.5. mövcud olan lisenziyaların surəti;
66.1.3.6. aidiyyəti şəxsləri barədə məlumatlar;
66.1.3.7. fəaliyyət göstərdiyi sahə üzrə prudensial normativlərə (olduqda) riayət etdiyini təsdiq edən müvafiq tənzimləyici orqanın arayışı;
66.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti və iş yeri (olduqda) haqqında məlumatları əks etdirən arayış;
66.1.5. fiziki şəxs olan təsisçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla), bu Qanunun 66.1.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərdən əlavə, rezidenti olduğu ölkənin azı bir maliyyə təşkilatının müsbət tövsiyəsi;
66.1.5-1. xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olan təsisçi – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;
66.1.6. vəkil edilmiş şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən notariat qaydasında təsdiq edilmiş sənəd;
66.1.7. təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, mühüm iştirak payı olan təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan belə təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;
66.1.8. ən azı biznes strategiyasını, nəzərdə tutulan xidmət növlərini, təşkilati strukturunu, ilk üç il üçün maliyyə proqnozlarını (maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat), informasiya sistemləri və texnologiyalarının təminat vasitələri (ticarət platforması, elektron mühasibat və digər proqram təminatları) haqqında məlumatları əks etdirən biznes-planı;
66.1.9. fəaliyyətin həyata keçirilməsi üzrə daxili nəzarət mexanizmləri haqqında məlumat;
66.1.10. təsisçilərin, müşahidə şurasının, audit komitəsinin və icra orqanının üzvlüyünə təyin olunması nəzərdə tutulan şəxslərin həmin lisenziyalaşdırılan şəxslərdə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı və onların (təsisçi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin), habelə baş mühasibin (bu vəzifələri icra edən şəxsin) və daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vətəndaş qüsursuzluğu barədə məlumat. Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;
66.1.11. müşahidə şurasının, audit komitəsinin və icra orqanının üzvləri təyin olunan şəxslərin təhsili və iş təcrübəsi barədə məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri;
66.1.12. Mərkəzi Bankın müəyyən etdiyi formada lisenziyalaşdırılan şəxsin səhmdarları arasındakı münasibətlər və lisenziyalaşdırılan şəxsin benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
66.1.13. fond birjasının və klirinq təşkilatının müvafiq olaraq bu Qanunun 46-cı və 54-cü maddələri ilə müəyyən edilmiş daxili qaydalarının layihələri.
66.1-1. Bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
66.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır və ya onlara apostil verilməlidir.