Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 67

Maddə 67. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün ilkin müraciətə baxılması

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

67.1. Mərkəzi Bank lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən altmış təqvim günü ərzində baxır.

67.2. Mərkəzi Bank baxılmaq üçün təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə (bu Qanunun 66.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), bu barədə müraciət edənlərə on beş iş günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Bu təklif on iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 67.1-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır. Sənədlərin təqdim edilməsindən sonra on beş iş günü ərzində Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul olunmuş hesab edilir.

67.3. Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların, o cümlədən lisenziyalaşdırılan şəxsin kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və bu Qanunun 63-cü maddəsində göstərilən şəxslərin məqbul və lazımi keyfiyyətlərə malik olması və lisenziyalaşdırılan şəxsin nizamnamə kapitalının mənbəyi barədə məlumatların yoxlanılması məqsədi ilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

67.3-1. Bu Qanunun 67.3-cü maddəsi sonradan lisenziyalaşdırılan şəxsdə mühüm iştirak payı əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə) və (və ya) benefisiar mülkiyyətçi olan şəxslərə, bu Qanunun 63-cü maddəsinə uyğun olaraq lisenziyalaşdırılan şəxslərdə rəhbər və digər vəzifələrə yeni təyin olunan şəxslərə də şamil edilir.

67.4. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:

67.4.1. bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 66.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar olunduqda, habelə sənədlərdəki səhvlər və ya çatışmazlıqlar bu Qanunun 67.2-ci maddəsinə uyğun qaydada aradan qaldırılmadıqda, habelə mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziyalaşdırılan şəxsə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya lisenziyalaşdırılan şəxsin ilkin nizamnamə kapitalı və ya xarici investisiya şirkətinin filialının ilkin nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin mənbəyi məlum olmadıqda;

67.4.2. bu Qanunun 61.9-cu maddəsi ilə müəyyən edilmiş kapital tələbləri təmin olunmadıqda;

67.4.3. bu Qanunun 62.4-cü və 63-cü maddələrinin tələbləri təmin olunmadıqda, habelə benefisiar mülkiyyətçilər məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

67.4.3-1. təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

67.4.4. biznes-planda gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, lisenziyalaşdırılan şəxslərin normal fəaliyyətinin təmin edilməsi, investorların hüquqlarının pozulması təhlükəsi müəyyən edildikdə;

67.4.5. fond birjasının və klirinq təşkilatının daxili qaydaları bu Qanunun müəyyən etdiyi tələblərə uyğun olmadıqda.

67.5. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə əsaslandırılmış qərar qəbul edir və bu Qanunun 67.1-ci maddəsində göstərilən müddətdə həmin qərarı müraciət edənə göndərir.

67.6. Mərkəzi Bankın ilkin müraciətin rədd edilməsi ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər.

67.7. Lisenziya verilməsi üçün ilkin müraciətə Mərkəzi Bank müsbət cavab verdikdən sonra təsis edilən hüquqi şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınır. Lisenziya verilməsi üçün ilkin müraciətə Mərkəzi Bankın müsbət cavab verdiyi tarixdən etibarən doxsan təqvim günü müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver