68.1. Lisenziyalaşdırılan fəaliyyətə lisenziya alınması üçün yekun müraciət zamanı Mərkəzi Banka aşağıdakılar təqdim edilir:
68.1.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, cari hesabının nömrəsini və həmin hesabın olduğu müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
68.1.2. dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
68.1.3. nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
68.1.4. bu Qanunun 61.9-cu maddəsi ilə müəyyən edilmiş kapitalın bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
68.1.5. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişiklik olarsa, bu barədə arayış;
68.1.6. rəhbər və digər vəzifələrə təyin edilən şəxslərin bu Qanunun 63-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin surətləri (dəyişiklik olduqda);
68.1.7. investisiya şirkətinin fəaliyyətinə lisenziyanın alınması üçün onun işçilərinin ixtisas şəhadətnamələri;
68.1.8. fəaliyyət göstərəcəyi ofis sahəsindən istifadə hüququnu təsdiq edən sənədin surəti;
68.1.9. hüquqi şəxsin təşkilati və idarəetmə strukturu, bölmələri və onların funksiyaları, tabeliliyi, hesabatların təqdimedilmə qaydaları;
68.1.10. kompyuter və telekommunikasiya sistemləri, elektron mühasibat və digər kompüter proqramları haqqında məlumat;
68.1.11. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
68.1.12. fond birjası və klirinq fəaliyyətinə lisenziyanın alınması üçün ən azı üç üzvün olmasını təsdiq edən sənəd;
68.1.13. investisiya fondunun depozitarının fəaliyyətinə lisenziya alınması üçün mərkəzi depozitarda hesab açılmasını təsdiq edən sənədlər;
68.1.14. fond birjasının və klirinq təşkilatının təsdiq olunmuş daxili qaydalarının layihələri.
68.2. Bu Qanunun 68.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.