70.1. Lisenziyalaşdırılan fəaliyyət üçün lisenziya aşağıdakı əsaslar olduqda Mərkəzi Bank tərəfindən ləğv edilir:
70.1.1. lisenziyalaşdırılan şəxslər ali orqanın qərarı əsasında ləğv edildikdə;
70.1.2. lisenziyalaşdırılan şəxslər müflis elan edildikdə;
70.1.3. lisenziya alınarkən təqdim edilmiş sənədlərdə yanlış və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda və həmin məlumatlar dəqiqləşdirildikdən sonra lisenziyanın verilməsindən imtina üçün əsas kimi, bu Qanunun 67.4-cü və 69.5-ci maddələrində göstərilən hallar müəyyən olunduqda;
70.1.3-1. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziyalaşdırılan şəxsə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;
70.1.4. lisenziyalaşdırılan fəaliyyət üzrə lisenziya qüvvəyə mindiyi tarixdən on iki ay müddətində həmin fəaliyyətə başlanılmadıqda;
70.1.5. lisenziyalaşdırılan şəxslər lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
70.1.6. bu Qanunun 86.5-ci maddəsinə müvafiq olaraq qəbul edilmiş icrası məcburi olan göstərişin verilməsi üçün təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə.
70.2. Mərkəzi Bank lisenziyanın ləğvi barədə qərar qəbul etdikdə, məlumatı lisenziyası ləğv olunmuş şəxslərə və vergi orqanlarına dərhal göndərməli və mediada açıqlamalıdır.
70.3. Lisenziyalaşdırılan fəaliyyətə verilmiş lisenziya ləğv edildikdə, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı və investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir.