71.1. Xarici investisiya şirkətləri Azərbaycan Respublikası ərazisində bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətlərini (əməliyyatlarını) filial açmaqla həyata keçirirlər. Xarici investisiya şirkətinin filialı Azərbaycan Respublikasının ərazisində Mərkəzi Bankın verdiyi lisenziya əsasında fəaliyyət göstərir.
71.2. Xarici investisiya şirkətinin filialının fəaliyyəti üzrə lisenziya alınması üçün müraciətə Mərkəzi Bank bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada iki mərhələdə baxır.
71.3. Xarici investisiya şirkəti filialının açılması üçün ilkin müraciəti edərkən aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir:
71.3.1. investisiya şirkətinin fəaliyyətinə lisenziya alınması üçün ərizə (filialın həyata keçirməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları) və ünvanı göstərilməklə);
71.3.2. filial açmaq barəsində investisiya şirkətinin səlahiyyətli orqanının qəbul etdiyi qərarın surəti;
71.3.3. xarici investisiya şirkəti tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin bank hesabına ödənilməsini təsdiq edən sənəd;
71.3.4. filialın əsasnaməsi;
71.3.5. filial rəhbərinin həmin investisiya şirkətində və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı, onun iş təcrübəsi və təhsili barədə məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş və ya həmin şəxslər əcnəbi olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətləri, habelə onun vətəndaş qüsursuzluğuna dair məlumat. Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;
71.3.6. filialın kommersiya strategiyası, təşkilati strukturu, o cümlədən ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-planı;
71.3.7. filial rəhbərlərini təyin etmək haqqında xarici investisiya şirkətinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti;
71.3.8. xarici investisiya şirkətinin rezidenti olduğu ölkənin müvafiq tənzimləyici orqanının filialın açılmasına yazılı icazəsi;
71.3.9. xarici investisiya şirkətinin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında sənədin leqallaşdırılmış və ya apostil verilmiş surəti;
71.3.10. xarici investisiya şirkətinin orqanları haqqında məlumat;
71.3.11. müraciət edilən tarixədək xarici investisiya şirkətində mühüm iştirak payı sahiblərinin payların miqdarı göstərilməklə siyahısı;
71.3.11-1. Mərkəzi Bankın müəyyən etdiyi formada xarici investisiya şirkətinin benefisiar mülkiyyətçisi barədə məlumat;
71.3.12. investisiya şirkətinin son üç maliyyə ili üçün, əgər bu müddət üç ildən azdırsa, bütün fəaliyyət müddəti üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
71.3.13. xarici investisiya şirkəti hər hansı holdinqə daxildirsə, həmin holdinq barədə məlumat;
71.3.14. xarici investisiya şirkətinin yerləşdiyi ölkədə malik olduğu lisenziyaların və icazələrin leqallaşdırılmış və ya apostil verilmiş surətləri.
71.4. Xarici investisiya şirkəti filialın açılması üçün yekun müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
71.4.1. dövlət qeydiyyatı haqqında sənədin surəti;
71.4.2. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişikliklər olarsa, bu barədə arayış;
71.4.3. fəaliyyət göstərəcəyi ofis sahəsindən istifadə hüququna dair notariat qaydasında təsdiq edilmiş sənədin surəti;
71.4.4. informasiya texnologiyaları və telekommunikasiya sistemləri, habelə müvafiq fəaliyyəti həyata keçirmək üçün digər kompüter proqramları haqqında məlumat;
71.4.5. filialın göstərməsi nəzərdə tutulan investisiya xidmətlərinə (əməliyyatlarına) dair işçilərin ixtisas şəhadətnamələri;
71.4.6. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
71.4-1. Bu Qanunun 71.3-cü və 71.4-cü maddələrində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
71.5. Xarici investisiya şirkətlərinin filiallarına investisiya fəaliyyəti üzrə lisenziya alınması üçün ilkin və yekun müraciətlərə baxılması bu Qanunun 67-ci və 69-cu maddələrində müəyyən edilmiş qaydada həyata keçirilir.
71.6. Xarici investisiya şirkətinin filialına investisiya şirkəti fəaliyyətinə lisenziya verilməsindən bu Qanunun 67.4-cü və 69.5-ci maddələrində müəyyən edilmiş əsaslarla yanaşı, həmin ölkənin qanunvericiliyi ilə investisiya şirkəti fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə imtina edilir.
71.7. Xarici investisiya şirkətinin filialının investisiya şirkəti fəaliyyətinə lisenziyasının ləğvi bu Qanunun 70-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslarla, habelə həmin xarici investisiya şirkətinin özü və ya onun lisenziyası ləğv edildikdə, Mərkəzi Bank tərəfindən həyata keçirilir.