72.1. Yerli investisiya şirkəti bu Qanunun 72-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində filial açmaqda sərbəstdir.
72.1-1. Bu Qanunun 72.1-ci maddəsində nəzərdə tutulan halda yerli investisiya şirkəti filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən yeddi iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə bu Qanunun 71.3.2-ci, 71.3.5-ci, 71.4.4-cü və 71.4.5-ci maddələrində göstərilmiş sənəd və məlumatlar əlavə edilir. Bildirişdə filialın ünvanı, fəaliyyətə başlanması vaxtı, göstərilməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları), habelə filial rəhbəri barədə bu Qanunun 63.2-1-ci maddəsində göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən on dörd təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bu Qanuna müvafiq olaraq verilmiş icrası məcburi göstərişlərə əməl edilməməsi ilə bağlı, habelə yerli investisiya şirkəti tərəfindən Azərbaycan Respublikasının ərazisində filial açılması üçün təqdim edilmiş sənəd və məlumatların bu Qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmaması ilə bağlı investisiya şirkətinə yazılı məlumat göndərilmədikdə müvafiq filial fəaliyyətə başlaya bilər.
72.1-2. Yerli investisiya şirkətinin filialı xaricdə Mərkəzi Bankın icazəsi əsasında fəaliyyət göstərə bilər.
72.2. Yerli investisiya şirkətinin xarici filialının fəaliyyətinə icazə alınması üçün Mərkəzi Banka bu Qanunun 71.3.2-ci, 71.3.4-71.3.7-ci və 71.4.3-71.4.5-ci maddələrində göstərilmiş sənədləri əlavə etməklə, yazılı surətdə ərizə (filialın ünvanı, göstərilməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları) göstərilməklə) ilə müraciət edilməlidir (bu Qanunun 71.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
72.3. Mərkəzi Bank sənədlərə onların təqdim edildiyi tarixdən altmış təqvim günü ərzində baxır.
72.4. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə (bu Qanunun 71.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müraciət edənlərə on beş iş günü müddətində bu barədə bildiriş göndərir və onların aradan qaldırılmasını təklif edir. Mərkəzi Bank həmin müddətdə müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
72.5. Mərkəzi Bank yerli investisiya şirkətinin xarici filialının fəaliyyətinə icazə verməkdən aşağıdakı hallarda imtina edir:
72.5.1. bu Qanunun 72.2-ci maddəsində göstərilən sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 71.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar edildikdə, habelə sənədlərdəki məlumatlar bu Qanunun 72.4-cü maddəsinə uyğun olaraq təklif olunan qaydada tamamlanmadıqda;
72.5.2. bu Qanunun 63-cü maddəsinin tələbləri ilə uyğunsuzluq aşkar edildikdə.
72.6. Mərkəzi Bank icazə verilməsi və ya bundan imtina barədə bu Qanunun 72.4-cü maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.
72.7. Mərkəzi Bankın icazə verməkdən imtina ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər.
72.8. Yerli investisiya şirkətinin xarici filialının fəaliyyətinə icazəni Mərkəzi Bank aşağıdakı hallarda ləğv edir:
72.8.1. investisiya şirkətinin lisenziyası ləğv edildikdə;
72.8.2. investisiya şirkəti müflis elan olunduqda;
72.8.3. investisiya şirkəti ləğv edildikdə;
72.8.4. icazənin qüvvəyə mindiyi tarixdən on iki ay müddətində filial fəaliyyətə başlamadıqda və ya Mərkəzi Bank filialın fəaliyyətinin altı ay ərzində dayandırıldığını müəyyən etdikdə;
72.8.5. bu Qanunun 63-cü maddəsinin tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;
72.8.6. bu Qanunun 86.5-ci maddəsinə müvafiq olaraq qəbul edilmiş icrası məcburi olan göstəriş verilməsi üçün təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə;
72.8.7. filial icazəsində nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
72.8.8. filialın bağlanması haqqında investisiya şirkəti qərar qəbul etdikdə.
72.9. Yerli investisiya şirkəti xarici filialının fəaliyyətinə icazənin ləğv edilməsi barədə Mərkəzi Banka müraciət etdikdə, bunun səbəblərini bildirməlidir. Mərkəzi Bank icazənin ləğv edilməsi ilə bağlı müraciətə otuz təqvim günü ərzində baxır və müvafiq qərar qəbul edir.
72.10. Mərkəzi Bank icazənin ləğv edilməsi haqqında qərar qəbul etdikdə, bu barədə məlumatı dərhal icazəsi ləğv edilmiş filiala, habelə müvafiq investisiya şirkətinə göndərməli və mediada dərc etdirməlidir.
72.11. Xarici filialını açan yerli investisiya şirkəti filialının yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərməlidir.
72.12. Yerli investisiya şirkəti filiallarının fəaliyyətinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərməlidir. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş əməliyyat bölməsinin aktiv və öhdəliklərinin investisiya şirkətinə və ya investisiya şirkətinin digər əməliyyat bölməsinə ötürülməsi qaydası göstərilir.