74-2.1. Bank tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə lisenziya alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
74-2.1.1. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə lisenziya alınması üçün ərizə (nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları) göstərilməklə);
74-2.1.2. ən azı investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair biznes strategiyasını, nəzərdə tutulan investisiya xidmətlərinin (əməliyyatlarının) növlərini, təşkilati strukturunu, informasiya sistemləri və texnologiyalarının təminat vasitələri (ticarət platforması, elektron mühasibat və digər proqram təminatları) haqqında məlumatları əks etdirən biznes-planı;
74-2.1.3. xarici bankın rezidenti olduğu ölkənin müvafiq tənzimləyici orqanının xarici bankın həmin ölkədə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazəsinin olması barədə bildirişi və xarici filialın investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirməsinə yazılı icazəsi (tələb edildikdə);
74-2.1.4. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlər.
74-2.2. Lisenziya alınması üçün ilkin müraciətlə bağlı xarici bankın xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır və ya onlara apostil verilməlidir.
74-2.3. Mərkəzi Bank lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır.
74-2.4. Mərkəzi Bank baxılmaq üçün təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə yeddi iş günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Bu təklif yeddi iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 74-2.3-cü maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır. Sənədlərin təqdim edilməsindən sonra yeddi iş günü ərzində Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul olunmuş hesab edilir.
74-2.5. Mərkəzi Bank təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər.
74-2.6. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:
74-2.6.1. bu Qanunun 74-2.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar olunduqda, habelə sənədlərdəki səhvlər və ya çatışmazlıqlar bu Qanunun 74-2.4-cü maddəsinə uyğun qaydada aradan qaldırılmadıqda;
74-2.6.2. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsi, habelə investorların və kreditorların hüquqlarının pozulması təhlükəsi yaratdıqda.
74-2.7. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə əsaslandırılmış qərar qəbul edir və bu Qanunun 74-2.3-cü maddəsində göstərilən müddətdə həmin qərarı müraciət edənə göndərir.
74-2.8. Mərkəzi Bankın ilkin müraciətin rədd edilməsi ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər.
74-2.9. Lisenziya verilməsi üçün ilkin müraciətə Mərkəzi Bank müsbət cavab verdiyi tarixdən etibarən doxsan təqvim günü müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.