Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 74-3

Maddə 74-3. Lisenziya alınması üçün yekun müraciət zamanı təqdim edilən sənədlər və yekun müraciətə baxılması

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

74-3.1. Lisenziya alınması üçün yekun müraciət zamanı Mərkəzi Banka aşağıdakılar təqdim edilir:

74-3.1.1. lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;

74-3.1.2. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişiklik olduqda, bu barədə arayış;

74-3.1.3. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair lisenziyanın alınması üçün onun işçilərinin müvafiq ixtisas şəhadətnamələri;

74-3.1.4. investisiya şirkəti fəaliyyəti üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

74-3.2. Mərkəzi Bank lisenziya alınması üçün təqdim edilmiş sənədlərə təqdim edildiyi tarixdən on iş günü ərzində baxır.

74-3.3. Sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda, Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini təklif edir. Bu təklif beş iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 74-3.2-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır.

74-3.4. Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziyanın verilməsindən imtina barədə bu Qanunun 74-3.2-ci maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.

74-3.5. Mərkəzi Bank lisenziya verməkdən aşağıdakı hallarda imtina edir:

74-3.5.1. bu Qanunun 74-3.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 74-3.3-cü maddəsinə uyğun olaraq təklif olunan qaydada tam həcmdə təqdim edilmədikdə və ya dəqiqləşdirilmədikdə;

74-3.5.2. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün bu Qanunun 43.3-1-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş sayda ixtisas şəhadətnaməsinə malik işçisi olmadıqda;

74-3.5.3. bu Qanunun 74-2.6-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri aşkar edildikdə;

74-3.5.4. lisenziya verilməsi üçün bu Qanunun 74-2.9-cu maddəsində müəyyən edilmiş müddətdə Mərkəzi Banka yekun müraciət edilmədikdə.

74-3.6. Xarici bankın yerli filialına lisenziya verilməsindən bu Qanunun 74-2.6-cı və 74-3.5-ci maddələrində göstərilən əsaslarla yanaşı, həmin ölkənin qanunvericiliyi ilə banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə imtina edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver